Orta Dəhlizlə bağlı tədbirlər planı hazırlanıb

2022.10.21 17:44 (UTC+04:00)

Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın dəmir yolu administrasiyaları, gəmiçilik şirkətləri və limanlarının rəhbərləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TİTR) Tbilisidə keçirilən iclasında iştirak ediblər.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, iclas iştirakçıları marşrut üzrə nəqliyyatın ümumi müsbət dinamikasını və onun Avropa, Mərkəzi Asiya və Çin arasında tranzit axınının təmin edilməsində artan rolunu qeyd edərək, Assosiasiyanın işi haqqında hesabatı dinləyiblər.

Bildirilib ki, Assosiasiya üzvlərinin birgə səyləri nəticəsində 2022-ci ilin 9 ayı ərzində TİTR marşrutu üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1 milyon 84 min ton təşkil edib.

Artımın böyük bir hissəsi ixracın payına düşüb.

İştirakçılar Orta Dəhliz boyunca konteyner daşımalarının daha da artımını təmin etmək və marşrutda əlverişli şərait yaratmaq üçün tədbirlər planı hazırlayıblar.