Samirə Musayeva: “Sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olan subyektin daha çox əlavə xidmətlərə ehtiyacı var”

2022.10.21 14:00 (UTC+04:00)

vergiler.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.

Onun sözlərinə görə, “Biznesə daxilolma” indikatoru bu məsələyə daha geniş mənada yanaşır, rəqəmsal xidmətlərin mövcudluğu əsas amillərdən biri kimi götürülür, yerli şirkətlərlə bağlı mövcud olan imkanların bütün xarici şirkətlərə münasibətdə də tətbiqi əsas şərt kimi qoyulur.

“Yəni əgər “Doing Business” hesabatında biznesin mümkün qədər qısa müddətdə, az prosedurla, az xərc çəkməklə qeydiyyatının həyata keçirilməsi əsas meyar kimi götürülürdüsə, artıq “Əlverişli biznes mühiti” üzrə yeni yanaşmada məsələyə daha geniş yanaşılır. Söhbət rəqəmsal xidmətlərin mövcudluğu, dövlət orqanları arasında daha sonrakı inteqrasiya prosesinin mövcud olub-olmaması, bu proseslərdə ekoloji amillərin nəzərə alınması, beynəlxalq təcrübədə göstərilən meyarlara cavab verib-verməməsi kimi yeni göstəricilərdən gedir ki, bu gün artıq onların təhlilinə başlanılır. Nəticə etibarilə biz işçi qrup səviyyəsində bu sahədə mövcud olan qaydaları bir daha nəzərdən keçirmişik”, - deyə Samirə Musayeva qeyd edib.

Dövlət Vergi Xidmətinin rəsmisi əlavə edib ki, biznesə daxil olmaq üçün qaydalarda hansı amillərin nəzərə alınması ilə bağlı UNCİTRAL-ın etalon və ümumi beynəlxalq qəbul olunmuş tələbləri mövcuddur. Bu qaydalar bir daha nəzərdən keçirilib, bütün təhlillər və milli qanunvericilik müqayisə olunub.

“İkinci mərhələdə rəqəmsal infrastruktur, rəqəmsal xidmətlərin bugünkü keyfiyyəti və əlçatanlığıdır. Sahibkarlıq fəaliyyətinə başlayan subyektin biznes savadının kifayət qədər olmaması fonunda, bu xidmətlərdən istifadənin əlçatanlığı bir daha diaqnostika olunub. Üçüncü mərhələdə biznes subyektlərinin məmnunluq səviyyəsinin ölçülməsi sorğunun keçirilməsi ilə müəyyən olunacaq”, - deyə Samirə Musayeva əlavə edib.