Bu ilin oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5351,3 min nəfər olub, onlardan 5049,2 min nəfərini məşğul əhali təşkil edib.
“vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 1,4% artıb.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1714,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894,5 min nəfər, qeyri-dövlət sektorunda isə 820,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1683,0 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.