Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Bo Li son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.
“Vergiler.az” Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu fikirləri Bo Li nazir Samir Şərifovla Vaşinqtonda keçirilən BVF və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində görüşü zamanı bölüşüb.
O, BVF-nin bu istiqamətdə Azərbaycana lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.