Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin Təhlil şöbəsinin baş dövlət vergi müfəttişi Cəfər Yaqubov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.
C.Yaqubov Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati idarəetmə fakültəsində Gömrük işinin təşkili ixtisası üzrə həm bakalavr, həm də magistr təhsil pillələrini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildən əmək fəaliyyətinə başlayan qalibimiz 2014-cü ildən Dövlət Vergi Xidmətində çalışır.
“Ən xoş məqam odur ki, müsabiqədə sağlam rəqabət vardı”
C.Yaqubov deyir ki, müsabiqəyə qatılmaq barədə qərar verərkən sonda uğur qazanacağına inanıb: “Təbii ki, hansısa yarışda iştirak edirsənsə, ən yüksək nəticəyə köklənirsən. Ancaq mənim əsas məqsədim bilik və bacarıqlarımın hazırkı səviyyəsini qiymətləndirmək idi. Məmnunam ki, sonda qalib oldum. Bu müsabiqənin təkcə mənim üçün deyil, bütün iştirakçılar üçün böyük əhəmiyyəti oldu. İşçilər müsabiqədə iştirak etməklə gündəlik istifadə etmədikləri bilik və bacarıqlarının maksimal sərhədlərini müəyyənləşdirmək, çatışmazlıqlarını aşkarlayaraq onların aradan qaldırılması üçün səy göstərmək imkanı qazanırlar”.
İşçilər müsabiqədə iştirak etməklə gündəlik istifadə etmədikləri bilik və
bacarıqlarının maksimal sərhədlərini müəyyənləşdirmək, çatışmazlıqlarını
aşkarlayaraq onların aradan qaldırılması üçün səy göstərmək imkanı qazanırlar.
Həmsöhbətimizin sözlərinə görə, müsabiqə zamanı bəzi keyfiyyətlərinin səviyyəsi onu qane etsə də, müxtəlif mərhələlər zamanı özündə müəyyən çatışmazlıqları da aşkar edib: “Bu müsabiqədə “itdiyini” düşündüyüm bilik və bacarıqlarımın mövcud səviyyəsini real olaraq qiymətləndirmək imkanı qazandım. Bu baxımdan, mənim üçün müsabiqənin rolu böyükdür. Artıq inkişaf etdirməli olduğum tərəflərimi daha yaxşı bilirəm və bunun üzərində çalışacağam. Müsabiqə zamanı aşkarladığım çatışmazlıqlarımı aradan qaldırmaq indi ən əsas məqsədimdir”.
C.Yaqubovun fikrincə, “Uğur yolu”nda bir-iki deyil, çox sayda bacarığın qiymətləndirilməsi belə deməyə əsas verir ki, bu müsabiqədə iştirak üçün hərtərəfli bilik və bacarıqlar tələb olunur. Çünki qarşıya çıxan suallar və ya təqdim olunan biznes tapşırıqları konkret bir sahə üzrə olmur və onların hər birinin həlli zamanı fərqli bilik və bacarıqlardan, keyfiyyətlərdən istifadə edilməlidir: “Bu məsələ ilə bağlı diqqət yetirilməli məqamlar çox olsa da, zənnimcə, bəziləri daha qabarıq nəzərə çarpır. Məsələn, məntiqi təfəkkür, zamanın idarə edilməsi və düzgün bölüşdürülməsi, qrafik və diaqramların “oxunması” və nəticəyönümlü həllərin tapılması, müxtəlif variantlar arasında düzgün həll yolunun seçilməsi, məsələnin həlli üçün təkliflə çıxış etməkdən çəkinməmək (təbii ki, əsaslandırılmış təklif şəklində) və s. belə bacarıq və keyfiyyətlərə misal ola bilər”.
Ən xoş məqam isə odur ki, yarımfinal və final mərhələsində
komanda yoldaşı olduğum namizədlərdən heç kim qalib
gəlmək naminə sağlam rəqabəti pozmağa cəhd etmədi.
“Tapşırıqların çətinlik səviyyəsini 10 ballıq şkala üzrə 8 bal kimi qiymətləndirərdim”
C.Yaqubov “Uğur yolu”nun sağlam rəqabət mühitində keçirilməsindən çox məmnun qalıb: “Müsabiqədə iştirak edənlər İqtisadiyyat Nazirliyinin tabeliyində olan müxtəlif qurumlarda çalışan insanlar idi. Bu, o deməkdir ki, onların hər biri artıq özünü karyera, bilik və bacarıqlar baxımından müəyyən qədər sübut ediblər. Belə olan halda, rəqabətin aşağı səviyyədə olması mümkün deyil. Ən xoş məqam isə odur ki, yarımfinal və final mərhələsində komanda yoldaşı olduğum namizədlərdən heç kim qalib gəlmək naminə sağlam rəqabəti pozmağa cəhd etmədi”.
Çətinlik səviyyəsini nisbi anlayış kimi qəbul edən qalibimiz qeyd edir ki, verilən tapşırıq yaxşı bildiyin, bilik və bacarıqlarının yüksək səviyyədə olduğu sahədəndirsə, təbii ki, həll yolunu tapmaq asanlaşır. Bu baxımdan, özünə “yaxın” və ya “uzaq” hiss etdiyi suallar və tapşırıqlarla qarşılaşıb: “Ümumilikdə götürdükdə, tapşırıqların çətinlik səviyyəsini 10 ballıq şkala üzrə 8 bal kimi qiymətləndirərdim və bu, çox normaldır. Müsabiqənin bütün mərhələləri maraqlı və məsuliyyət tələb edən pillələrdən ibarət idi. Amma hər yarışmada olduğu kimi, "Uğur yolu”nda da növbəti mərhələ əvvəlkindən çətin olduğu üçün daha çox məsuliyyət tələb edirdi. Xüsusilə finalın ikinci günündə verilmiş mövzu ilə bağlı qısa müddət ərzində araşdırma apararaq təkliflər hazırlanmalı, nazirliyin rəhbər vəzifəli şəxsləri qarşısında təqdimatla çıxış etməli idik. Şadam ki, bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacardıq. Mən bütün gələcək iştirakçılara da tövsiyə edərdim ki, özlərinə inansınlar. “Mən bu müsabiqədə uğur qazana bilmərəm” fikrindən qəti şəkildə uzaq durmaq lazımdır. Çünki inam uğurun təməlidir. Gələcək namizədlər artıq indidən qeyd etdiyim keyfiyyətləri özlərində inkişaf etdirməyə başlamalıdırlar”.
İlhamə İSABALAYEVA