Bu il Avropaya 11,5 milyard kubmetr qaz ixracı planlaşdırılır

2022.10.13 14:17 (UTC+04:00)

2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücü iki dəfə artırıla bilər. “Vergiler.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi planı da var. Praktiki olaraq 2027-ci ilə qədər onu iki dəfə artırmaq olar. Türkiyə istiqamətində 16 milyard kubmetr 31 milyard kubmetrə çatdırıla bilər. Trans-Adriatik boru kəməri ilə isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırıla bilər”, - deyə nazir qeyd edib.

P.Şahbazov onu da əlavə edib ki, daha öncə bağlanmış müqavilələrə uyğun olaraq, 2022-ci ilin sonuna qədər Azərbaycan Avropaya 11,5 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Nazirin sözlərinə görə, 2023-cü ildə ixracın həcmi eyni səviyyədə qala və ya bir qədər yüksək ola bilər.

"Bu çərçivədə biz hələlik əməkdaşlığımızı davam etdirəcəyik", - nazir bildirib.