Moldova Azərbaycan biznesinin Avropa İttifaqı bazarlarına çıxması üçün yeni logistika və istehsal zəncirlərinin qurulmasında mühüm həlqə qismində çıxış edə bilər.
“Vergiler.az” Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə Qaqauziyanın rəhbəri İrina Vlaxa Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının IV iclasında çıxış edərkən deyib.
O, Moldova və Azərbaycan hökumətləri nümayəndələrinin birgə görüşünün ölkələr arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrə yeni təkan və dinamizm verəcəyinə əminliyini ifadə edib.
“Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır, lakin bundan başqa biz bir çox başqa sahələrdə də bir-birimizə maraqlı ola bilərik. Məsələn, biz bilirik ki, bu gün Azərbaycanda iqtisadiyyatın həm ənənəvi, həm də müasir elmtutumlu və innovativ sahələri fəal inkişaf edir. Azərbaycan biznesi fəal şəkildə Avropa İttifaqı bazarına daxil olmağa çalışır və burada ölkəmiz yeni logistika və istehsal zəncirlərinin qurulmasında mühüm həlqəyə çevrilə bilər”, - İrina Vlaxa qeyd edib.
Qaqauziya rəhbəri Azərbaycanın işgüzar dairələrini Moldovanın azad iqtisadi zonaları, sənaye və informasiya texnologiyaları parklarının investorlara təklif etdiyi əlverişli şəraitlə tanış olmağa dəvət edib.