Talqat Kaliyev: “Zəngəzur dəhlizi region üçün mühüm əhəmiyyət kəsb edir” MÜSAHİBƏ

2022.10.10 12:22 (UTC+04:00)

Forumun yekunları ilə bağlı Qazaxıstan Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev “vergiler.az”a müsahibə verib.

- II Xəzər İqtisadi Forumunun nəticələrini Sizinlə ümumiləşdirmək istərdik. Bu gün Xəzər regionu ölkələrinin qarşısında duran əsas problemlər hansılardır və çoxtərəfli əməkdaşlıqda hansı məsələlər ön plana çıxır?

- İndi hər şey sahilyanı dövlətlərin siyasi iradəsindən asılıdır. Xəzər dənizi böyük geosiyasi əhəmiyyət kəsb edir. Çünki Transxəzər nəqliyyat dəhlizi Xəzər dənizindən keçəcək və Çin və Mərkəzi Asiyadan Avropaya malların çatdırılması üçün alternativ, ən qısa marşruta çevriləcək. Bu, gəmiçiliyin inkişafı və Xəzərin tranzit potensialı ilə bağlı ümumi razılaşmalara gəlmək baxımından vacibdir. Məsələn, bəzi ölkələrin kifayət qədər donanması, bəzilərinin isə liman və ya logistik imkanları yoxdur və yalnız birgə inkişaf, bu disproporsiyaların aradan qaldırılması, potensialın artırılması Xəzər dənizində yük dövriyyəsinin həcmini yüksəldəcək. Qeyd edim ki, təkcə bu il Konstansa limanı əvvəlki 5 ildəkindən daha çox yük daşıyıb. Hələ tam fəaliyyət göstərməsə də, bu dəhlizin miqyası və əhəmiyyəti getdikcə artır.

Xəzər dənizi böyük geosiyasi əhəmiyyət kəsb edir. Çünki Transxəzər nəqliyyat
dəhlizi Xəzər dənizindən keçəcək və Çin və Mərkəzi Asiyadan Avropaya
malların çatdırılması üçün alternativ, ən qısa marşruta çevriləcək.

- Forumun aktual mövzularından biri iqtisadiyyatların rəqəmsallaşdırılması olub. “Xəzər beşliyi” ölkələrinin region iqtisadiyyatlarının artımını sürətləndirməyə kömək edə biləcək birgə innovasiya layihələrinin həyata keçirilməsi üzrə imkanlarını necə qiymətləndirirsiniz? Rəqəmsal iqtisadiyyat Xəzəryanı ölkələr arasında qarşılıqlı təmaslarda nə kimi rol oynayır?

- Region ölkələrinin iqtisadiyyatlarının hər biri, təbii ki, ayrıca muxtar şəkildə rəqəmsallaşır, amma indi uzun müddətdir gündəmdə olan, lakin hələ də həyata keçirilməyən başqa bir layihə var. Bu, Xəzər dənizinin dibi ilə Qazaxıstandan Bakıya fiber optik kabelin çəkilməsidir. Bu, məlumatların ötürülməsinin həcmini kəskin şəkildə artırardı. Hesab edirəm ki, bu kontekstdə bəzi ümumi rəqəmsal standartların qurulması və məlumat mübadiləsi sahəsində, konvergensiya çərçivəsində qarşılıqlı fəaliyyətə ehtiyacımız var. Bu, bizə əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə və “Xəzər beşliyi” ölkələri arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək.

- Bu gün Xəzəryanı ölkələrin ərazisindən müxtəlif beynəlxalq marşrutlar, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri və s. keçir. Region ölkələri arasında nəqliyyat və logistika əməkdaşlığının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan və Qazaxıstan regionun nəqliyyat potensialının inkişafında hansı rol oynaya bilər?

- Azərbaycan bu dəhlizin ən mühüm iştirakçılarından biridir, çünki Rusiya indi sanksiyalar altındadır və onun iqtisadi manevrləri məhduddur. Bu baxımdan İranın imkanları da eyni şəkildə məhduddur, Türkmənistan isə yarıqapalı ölkə mövqeyindədir. Bu vəziyyətdə iqtisadiyyatı dinamik inkişaf edən ölkələr olan Qazaxıstan və Azərbaycan dünyanın ən müxtəlif coğrafi qütbləri, ən böyük iqtisadiyyatları ilə açıq şəkildə qarşılıqlı əlaqədə olurlar. Bu əməkdaşlığı mümkün qədər inkişaf etdirmək imkanımız var. Qazaxıstan və Azərbaycan dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrlə, o cümlədən Çinlə sıx əməkdaşlıq qura bilər. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Türkiyəyə, daha sonra isə Avropaya quru yol çıxışı əldə edəcək. Biz Xəzər nəqliyyat dəhlizinin birbaşa iştirakçıları kimi, maksimum məsuliyyəti öz üzərimizə götürməklə yanaşı, bu dəhlizdən əhəmiyyətli faydalar da alacağıq.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Türkiyəyə, daha sonra isə
Avropaya quru yol çıxışı əldə edəcək. Biz Xəzər nəqliyyat dəhlizinin
birbaşa iştirakçıları kimi, maksimum məsuliyyəti öz üzərimizə
götürməklə yanaşı, bu dəhlizdən əhəmiyyətli faydalar da alacağıq.

- Eyni kontekstdə kommunikasiyaların və xüsusən də Zəngəzur dəhlizinin blokdan çıxarılması məsələsinə toxunmaq istərdim. Bu dəhliz Xəzəryanı ölkələr üçün regiondan keçən marşrutların cəlbediciliyini artırmaq üçün hansı imkanlar aça bilər?

- Zəngəzur dəhlizi daşımaların vaxt sərfini aşağı salmaqla yanaşı, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı əlavə logistik növbələri azaldacaq. Bu, yükgöndərənlər üçün son dərəcə vacibdir. Zəngəzur dəhlizinin işə salınması hazırda mühüm əhəmiyyət kəsb edir. Bizi Türkiyə ilə bağlayacaq bu dəhliz Orta Asiya ölkələrinin, hətta Çinin iqtisadiyyatına da müsbət təsir edəcək.

- Forumda ekoloji məsələlərə mühüm yer ayrılıb. Bu baxımdan, Xəzər regionunda “yaşıl” iqtisadiyyatın inkişaf perspektivləri barədə fikirləriniz maraqlı olardı. Bu istiqamət region ölkələri arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilə bilərmi?

- Bu sahə region ölkələri arasında iqtisadi əməkdaşlığın əsas sahələrindən birinə çevrilməlidir. Bu, təkcə iqtisadi fayda deyil, eyni zamanda ümumi məsuliyyət məsələsidir. Çünki uzun illər istehsal və daşınma sahəsində ekoloji standartlara tam əməl edilmirdi. Paralel olaraq, Xəzər dənizinin sərvətləri kor-koranə şəkildə mənimsənilirdi və hazırda bu ehtiyatların bərpası məsələsi çox aktualdır. Bütün bunlar onu deməyə əsas verir ki, “beşliyə” daxil olan ölkələrin məsuliyyətsiz davranışı Xəzər dənizini ekoloji fəlakət zonasına çevirə bilər. Bu baxımdan, ətraf mühitin sağlamlaşdırılması ümumi gündəliyimizdə prioritetlərdən birinə çevrilməlidir.

- Azərbaycan hökumətlərin işgüzar dairələrlə işinin səmərəliliyini artıracaq Xəzəryanı dövlətlərin birgə strukturunun yaradılması təklifi ilə çıxış edib. Bu barədə nə deyə bilərsiniz?

- Bu, çox rasional təklifdir. Hökumətlər bir istiqamət üzrə hərəkət edə bilər, biznes dairələri fərqli tələblər ortaya qoya bilər və ona görə də bu, qarşılıqlı əlaqəni gücləndirmək vacibdir.

Tamilla MƏMMƏDOVA