“Xəzəryanı ölkələrin əməkdaşlıq layihələrinin inkişafı və qarşılıqlı investisiyaların həcminin artırılması üçün böyük potensialı var”. “Vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Xəzəryanı dövlətlərdən olan həmkarları ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu gün Transxəzər marşrutunu inkişaf etdirmək üçün Qazaxıstan Xəzərdəki Aktau və Kurık limanlarının yükdaşıma potensialını artırır və bura Azərbaycan, Gürcüstan və Türkiyə ilə tarif siyasətinin uyğunlaşdırılması məsələsi də daxildir.
Nazir qeyd edib ki, Qazaxıstan bütün dünyaya açıqdır və Xəzəryanı ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.
"Bu ilin 6 ayı ərzində Qazaxıstanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 12,3 milyard ABŞ dolları təşkil edib", - Alibek Kuantırov qeyd edib.
O, Qazaxıstanın region ölkələri arasında ticarət dövriyyəsini artırmağı hədəflədiyini də vurğulayıb.
“Biz nəqliyyat marşrutlarının şaxələndirilməsinə xüsusi diqqət yetiririk, çünki mövcud geosiyasi vəziyyət ənənəvi təchizat zəncirlərini dəyişib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birləşdirici dəhlizi tranzit və xarici ticarət yüklərinin həyata keçirilməsi üçün gözəl nümunədir. Digər istiqamətlərin potensialının artırılması üçün “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə birgə yol xəritəsinin hazırlanması təklif olunur”, - deyə nazir əlavə edib.