2022-ci ilin səkkiz ayının yekunlarına görə, Azərbaycanda iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində isə müsbət dinamika qorunub saxlanılır.
“Vergiler.az” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada keçirilən II Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pandemiya zəiflədikcə Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi də artım trayektoriyasına qayıdıb.
“2022-ci ilin 8 ayı ərzində Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45%-dən çox artıb. Ticarət-iqtisadi əməkdaşlıq Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir və Azərbaycan bu istiqamətdə səylərin daha da artırılmasının tərəfdarıdır”, - deyə Əli Əsədov bildirib.
Baş nazir vurğulayıb ki, Xəzər dənizindən “Şimal-Cənub” və “Şərq-Qərb” kimi ciddi nəqliyyat arteriyaları keçir, onların uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarına toxunur.
“Azərbaycan bu nəqliyyat dəhlizlərinin inkişafı və möhkəmləndirilməsində fəal iştirak edir, həmçinin ən mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımaların həcmi ildən-ilə artır. Belə ki, bu ilin 8 ayı ərzində “Şərq-Qərb” dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20%, “Şimal-Cənub” marşrutu üzrə isə 33% artıb”, - deyə Əli Əsədov bildirib.
Baş nazirin sözlərinə görə, bu dəhlizlərin əsas həlqəsi yük dövriyyəsi ildən-ilə artan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. “Bu gün Bakı limanının yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona, o cümlədən 100 000 TEU-dan 500 000 TEU-dək artırılması istiqamətində işlər aparılır”, - o əlavə edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir. “Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir”, - deyə Əli Əsədov qeyd edib.
Forum iştirakçılarının diqqəti, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistana fiber-optik kabellərin çəkilməsini nəzərdə tutan kommunikasiya layihələrinə yönəldilib.
Bildirilib ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya operatorları Astanada müvafiq layihə üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
Həmçinin Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanların olduğu vurğulanıb.
Ə.Əsədov Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.
Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığı da qeyd edib.
Diqqətə çatdırılıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir.
Ekoloji problemlərə toxunan Baş nazir bildirib ki, Azərbaycan Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.
Bildirilib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.
Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.
Plenar iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun Kommunikesi imzalanıb.