II Xəzər İqtisadi Forumu keçirilir

2022.10.05 16:47 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov II Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər regionu Böyük Avrasiya tərəfdaşlığının tərkib hissəsi kimi: yeni çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. “Vergiler.az” xəbər verir ki, nazir çıxışı zamanı Xəzəryanı ölkələr arasında enerji, nəqliyyat, logistika, sənaye kooperasiyası, insan kapitalı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, region ölkələri arasında qarşılıqlı əlaqələrdə və milli iqtisadiyyatların strukturunda innovativ və rəqəmsal iqtisadiyyatın artan rolunu vurğulayıb. Nazirin qeyd etdiyi kimi, region ölkələri arasında qarşılıqlı fəaliyyət spekri kifayət qədər genişdir və Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsində davamlı artım müşahidə olunur.

Nazir “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası barədə də danışıb. Onun fikrincə, birgə istehsal klasterləri sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Mikayıl Cabbarov həmçinin hökumətlərin biznes dairələri ilə işinin səmərəliliyini artıracaq Xəzəryanı dövlətlərin birgə strukturunun yaradılmasını təklif edib.

Xatırladaq ki, bu gün Moskvada II Xəzər İqtisadi Forumu işə başlayıb. Tədbir iştirakçıları qlobal iqlim gündəliyini, o cümlədən könüllü iqlim layihələrinin birgə həyata keçirilməsi perspektivlərini, region ölkələrinin iqtisadi və iqlim siyasəti, ticarət-iqtisadi əməkdaşlığın inkişafı, ekologiya, enerji, nəqliyyat, energetika, turizm sahəsində qarşılıqlı fəaliyyət və s. məsələləri müzakirə edirlər.