Bu yaxınlarda Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu keçirilib. 2016-cı ildən ənənəvi olaraq keçirilən forum bu dəfə “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamikalarının yenidən kalibrlənməsi” mövzusuna həsr olunmuşdu. Forumun sessiya və panel iclaslarında inkişaf modelləri və strategiyaların nəzərdən keçirilməsi, CAREC Beyin Mərkəzləri Şəbəkəsinin (CTTN) regional araşdırma hesabatı, dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişikliyi və “yaşıl enerji”, geosiyasi qeyri-müəyyənliklər, COVID-19 pandemiyasının artım və inklüzivliyə təsiri, regional rifah üçün alyansların qurulması kimi məsələlər müzakirə olunub. Tədbir çərçivəsində CAREC və İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Forumun iştirakçısı olmuş CAREC İnstitutunun baş iqtisadçısı Hans Holzhaker öz fikirlərini “vergiler.az” ilə bölüşüb.
İnkişaf etmiş iqtisadiyyatlara çatmaq üçün yüksək texniki və peşə təhsili, innovasiyalar, xarici ticarət və birbaşa xarici investisiyalar hesabına məhsuldarlığın artırılmasına ehtiyac duyulduğunu deyən mütəxəssisin sözlərinə görə, CAREC regionunda davamlı və inklüziv artım üçün fiskal və maliyyə koordinasiyası, yaxşı işlənib hazırlanmış və uyğunlaşdırılmış mexanizm lazımdır. O bildirib ki, CAREC İnstitutu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqatlar İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutur: “Biz çox şadıq ki, Azərbaycanla əlaqələrimiz intensivləşir və bu memorandum gələcək əməkdaşlığa böyük töhfədir”.
H.Holzhaker vurğulayıb ki, Azərbaycanla CAREC İnstitutu arasında əməkdaşlıqda çox mühüm məsələlərdən biri Asiya ilə Avropa arasında əlaqəni təmin edən, Azərbaycandan keçən nəqliyyat dəhlizləridir və Azərbaycanın nəqliyyat qovşağı kimi böyük potensialı var.
İqtisadçı-ekspert onu da qeyd edib ki, beyin mərkəzləri həm ölkələr arasında münasibətlərdə, həm də bütövlükdə regionda fikir mübadiləsində çox mühüm rol oynaya bilər: “Biz çətin bir mərhələdə yaşayırıq. Bu baxımdan, düşünürəm ki, beyin mərkəzləri cəmiyyətin maarifləndirilməsi və cari problemlərin həllinin bəzi yeni yollarının nümayiş etdirilməsində mühüm rol oynayırlar”.
Tamilla MƏMMƏDOVA