Teymur Nadiroğlu: "Azərbaycandakı əlverişli biznes mühiti Çin şirkətləri üçün cəlbedicidir" (II hissə) Müsahibə

2022.09.30 10:15 (UTC+04:00)

Müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mövcudluğu Azərbaycanın regional dəyər zəncirlərində rolunu xeyli artırır

- Çin və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ixracın səviyyəsinin artırılması baxımından ölkəmizin mövcud potensiallarını necə dəyərləndirirsiniz?

- Pandemiyanın yaratdığı yeni iqtisadi reallıqlar və tələblər Çinlə ticarət-iqtisadi əlaqələrin inkişafı baxımından əlavə imkanlar yaradır. Tərəflər arasında yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, elektron ticarət, yaşıl enerji, süni intellekt və böyük data kimi sahələrdə əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Müqayisəli üstünlüklərimizin bir-birini tamamlamasını nəzərə alsaq, bir çox sahələrdə uğurlu iqtisadi əməkdaşlıq üçün zəmin var. Bunların hamısını yeni işlər yox, daha çox hər iki ölkənin inkişaf strategiyasında müəyyənləşdirilmiş yeni imkanlar kimi qələmə vermək olar. Yuxarıda qeyd olunan sahələr üzrə artıq qurumlarımız və şirkətlərimiz arasında danışıqlar gedir. Çin şirkətləri üçün ölkəmizdə inkişaf etmiş infrastruktur, xüsusən də nəqliyyat-tranzit imkanlarımız, bir çox sahələr üzrə xammalın mövcudluğu, əlverişli biznes mühiti və ən əsası, siyasi və iqtisadi sabitlik cəlbedicidir. Xüsusən, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mövcudluğu Azərbaycanın regional dəyər zəncirlərində rolunu xeyli artırır və Çin şirkətlərinin ölkəmizi regional mərkəz kimi seçmə tendensiyalarını genişləndirir. TN Aparatı da bu yöndə səylərini davam etdirməkdədir.

Ticarətə gəlincə, pandemiya səbəbindən Çində atılan preventiv addımlar ölkədə bu qlobal bəlanın daha geniş yayılmasının qarşısını alsa da, iqtisadiyyata mənfi təsirsiz ötüşməyib. Xüsusən istehlak bazarında yavaşlama hiss edilir. Bu baxımdan, qısamüddətli perspektivdə Çinə qeyri-neft sektoru üzrə ixracımızda azalma müşahidə edə bilərik. Amma uzunmüddətli perspektivdə Azərbaycan üçün Çin bazarının önəmi daha da artacaq.

Xüsusən, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mövcudluğu
Azərbaycanın regional dəyər zəncirlərində rolunu xeyli artırır və Çin şirkətlərinin
ölkəmizi regional mərkəz kimi seçmə tendensiyalarını genişləndirir.

Hazırda emal olunmamış meyvə, tərəvəz, ət və süd məhsullarının idxalı ilə bağlı Çində məhdudiyyətlər tətbiq edilir. Yalnız Çinlə ikitərəfli sazişi olan ölkə və bölgələr bu məhsulları Çinə ixrac edə bilir. İcazələrin alınması kifayət qədər uzun prosedur olduğundan, hazırda bu kareqoriyaya aid məhsulların ölkəmizdən Çinə ixrac perspektivləri ilə bağlı TN Aparatı tərəfindən müvafiq bazar araşdırmaları aparılır. Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracında böyük potensiala malik olduğu üçün gələcəkdə lazımi icazələr alındıqdan sonra bu məhsul kategoriyaları hesabına ölkəmizdən Çinə qeyri-neft ixracı əhəmiyyətli dərəcədə arta bilər. Təbii ki, bu sahələrdə fəaliyyət göstərən şirkətlərimizin də Çinə məhsul ixrac etmək marağı olmalıdır. Çünki Çin bazarı ənənəvi ixrac bazarlarımızdan əhəmiyyətli dərəcədə fərqlənir. Bu, əsasən, bazarın tələbləri və tərəflər arasında baş tutan ticarət zamanı əməliyyat prinsiplərinə aiddir.

- Azərbaycan iqtisadiyyatına Çin investisiyalarının cəlb olunması istiqamətində nə kimi işlər görülür?

- Bu məqsədlə TN Aparatı mütəmadi olaraq Çinin müxtəlif şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə təqdimatlarla çıxış edir. Həmin tədbirlərdə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar, cəlbedici biznes mühiti, o cümlədən Ələt Azad İqtisadi Zonasında və ölkəmizdəki sənaye parklarında investorlar üçün yaradılmış əlverişli şərait, təklif edilən imtiyazlar və üstünlüklər haqqında geniş məlumat verilir. Eyni zamanda, bu fəaliyyət çərçivəsində Çinin müvafiq dövlət qurumları, assosiasiyaları, önəmli şirkətləri ilə görüşlər keçirilir və qarşı tərəfə Azərbaycanda həyata keçirilə biləcək potensial layihələr haqqında məlumat təqdim edilir. Hər il Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, TN Aparatının təşkilatçılığı ilə Pekin şəhərində ölkəmizin investisiya və ticarət imkanlarına dair forum təşkil edilir. Forumlarda Çinin müxtəlif qurum və şirkətlərinin rəhbər şəxsləri iştirak edir və potensial əməkdaşlığa dair müzakirələr aparılır.

Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracında böyük potensiala malik
olduğu üçün gələcəkdə lazımi icazələr alındıqdan sonra bu məhsul kategoriyaları
hesabına ölkəmizdən Çinə qeyri-neft ixracı əhəmiyyətli dərəcədə arta bilər.

İnvestisiya sahəsində uğurlu əməkdaşlığa misal olaraq, son bir il ərzində İqtisadiyyat Nazirliyinin dəstəyi, TN Aparatının vasitəçiliyi ilə Azərbaycanda Çin şirkətləri tərəfindən tikinti materiallarının istehsalı və kosmik sənaye sahəsində həyata keçirilən iki layihəni qeyd etmək olar. Birinci layihəyə əsasən, "Azərbaycan Vanhong Ceramics Co." MMC Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya dəyəri 50 milyon ABŞ dollarına yaxın olan keramik plitələr istehsalı zavodu tikməyə başlayıb. Zavodun fəaliyyətə başlaması nəticəsində 400-ə yaxın yeni iş yerinin açılması gözlənilir. Cari ilin 20 iyul tarixində Sumqayıtda səfərdə olan Prezident İlham Əliyev sözügedən müəssisənin təməlini qoyub. İkinci layihə isə "Azərkosmos" ASC və Çinin kosmik sənayesində kommersiya fəaliyyətini həyata keçirən "Satelliteherd" şirkəti arasında həyata keçirilən əməkdaşlıq layihəsidir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Satelliteherd" şirkəti "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü peyk stansiyası quraşdırıb. Bu şirkət həmin stansiya vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin iş qabiliyyətinin yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək. Ümumi həcmi 6 milyon ABŞ dolları təşkil edən bu layihə bir neçə etapdan ibarətdir. Qeyd olunmalıdır ki, bu, iki ölkə arasında kosmik sənaye sahəsində həyata keçirilən ilk layihədir.

Hazırda iqtisadiyyatın bir çox sektoruna aid layihələrə çinli investorları cəlb etməklə bağlı danışıqlarımız davam etməkdədir. Bu layihələr həm dövlət-özəl tərəfdaşlığı, həm də "EPC+investisiya" formatları əsasında reallaşdırıla bilər.

Çin biznesinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırması baxımından daha böyük potensial mövcuddur

- İndiyədək Çin tərəfindən Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə qoyulub? Bu sərmayələr iqtisadiyyatın hansı istiqamətləri üzrə yatırılıb?

- İki ölkə arasında mövcud olan qarşılıqlı yüksək etimad ölkəmizdəki Çin şirkətlərinin rahat fəaliyyətinə, eləcə də investisiya sahəsində əməkdaşlığımızın müsbət trendlə davam etməsinə əlverişli zəmin yaradır. Azərbaycanda 200-ə yaxın Çin sərmayəli şirkət qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artır. Bu şirkətlər iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət, xidmət, sənaye, tikinti və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. 1995-ci ildən indiyə kimi Çin investorları tərəfindən Azərbaycana 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırılıb. Bununla belə, gələcəkdə Çin biznesinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırması və Çin şirkətləri tərəfindən ölkəmizin regional mərkəz seçilməsi baxımından daha böyük potensial mövcuddur.

- Azərbaycanın nəqliyyat-logistika imkanları Çinlə əlaqələrin genişləndirilməsində nə kimi rol oynayır?

- Əlaqələrimizin əsas istiqamətlərindən biri, şübhəsiz ki, nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlıqdır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində həyata keçirilmiş bir sıra irimiqyaslı layihələr ölkəmizi regionun əsas nəqliyyat qovşağına çevirib. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynayır. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun və 2018-ci ildə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazasının istifadəyə verilməsi Çindən yola düşən qatarların Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropa istiqamətində hərəkətinə zəruri infrastruktur dəstəyini təmin edib. Hazırda bu dəhlizdən istifadə olunmaqla Çinin Sian, Çindao, Liənyünqan və Cinhua şəhərlərindən mütəmadi qaydada dəmiryol daşımaları həyata keçirilir. Eyni zamanda, beynəlxalq hava daşımaları sahəsində də iki ölkə arasında əməkdaşlıq mövcuddur. Belə ki, "Silk Way West Airlines" aviaşirkətinin Çinin Şanxay, Cenqcou şəhərlərinə və xüsusi inzibati ərazi olan Honqkonqa müntəzəm yük reysləri aparılır. Hətta pandemiya şəraitində belə, nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin daha operativ şəkildə aşırılmasının təmin olunması üçün intermodal terminalın tikintisi planlaşdırılır. Çin statistikasına əsasən, bu ilin birinci yarısında Azərbaycandan keçən Çin-Avropa blok qatarlarının sayı illik müqayisədə 50% artımla 70-i ötüb.

Əlbəttə ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdan danışarkən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranmış yeni imkanlara da toxunmaq lazımdır. Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşdırılması, bütövlükdə, regionun tranzit imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası gələcək üçün böyük perspektivlər vəd edir. Bu baxımdan, Zəngəzur dəhlizi ölkələrimiz arasında multimodal logistika xidməti sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

1995-ci ildən indiyə kimi Çin investorları tərəfindən Azərbaycana
920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırılıb. Bununla belə,
gələcəkdə Çin biznesinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırması və
Çin şirkətləri tərəfindən ölkəmizin regional mərkəz
seçilməsi baxımından daha böyük potensial mövcuddur.

- Ölkəmizin logistika imkanları yüklərin Çindən Azərbaycana qısa müddətdə daşınmasına imkan verirmi? Dünyadakı logistika problemləri yüklərin daşınma istiqamətinin dəyişməsinə, çəkilən xərclərin artmasına səbəb olubmu?

- Birbaşa olan hava daşımalarını nəzərə almasaq, hazırda Çin və Azərbaycan arasında yükdaşımalarda 3 işlək marşrut mövcuddur. Bunlardan ikisi dəniz yolu, biri isə dəmir yoludur. Dənizlə daşımalar Gürcüstanın Poti və İranın Bəndər-Abbas limanları, dəmir yolu daşımaları isə, yuxarıda qeyd olunduğu kimi, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirilir. Şübhəsiz ki, son zamanlar pandemiya səbəbindən tətbiq olunan qapanmalar və Çində yaranan konteyner qıtlığı iki ölkə arasında yükdaşımaların müddətinə təsirsiz ötüşməyib.

İlk əvvəl Çində konteyner qıtlığının yaranmasına aydınlıq gətirmək istərdim. Xatırlayırsınızsa, son iki ildə Çinin əsas ticarət tərəfdaşları olan Avropa Birliyi ölkələri və ABŞ-da sərt lokdaunlar tətbiq olundu və bu da öz növbəsində həmin ölkələrdə istehsal həcminə ciddi şəkildə təsir etdi. Buna baxmayaraq, istehlakda gözlənilmədən kəskin tələb artımı baş verdi. Nəzərə alsaq ki, bu ölkələrin istehlak etdiyi bir çox məhsullar Çində istehsal olunur, bunun nəticəsi kimi, Çinin sözügedən ölkələrə ixracı kəskin şəkildə artıb. Həmin ölkələrdə istehsal dayandığına görə, Çinə bu ölkələrdən idxal əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən də Şərq-Qərb istiqamətində gedən konteynerlərə böyük tələbat vardı, amma əks istiqamətdə həmin konteynerlər geri dönmürdü. Qeyd olunanlar nəinki konteyner qıtlığı yaratmışdı, həmçinin Çindən göndərilən konteynerlərin qiymətini kəskin şəkildə artırmışdı. Eyni zamanda, gözlənilməyən tələbat səbəbindən dəniz limanlarında tıxaclar yaranmışdı. Bunun nəticəsi olaraq, dəmir yolu daşımalarına tələbat ciddi şəkildə artmışdı. Bu da öz növbəsində daşımalar zamanı gecikmələrə gətirib çıxarmışdı. Hazırda Ukraynada baş verən hadisələr fonunda Çindən Azərbaycana və əks istiqamətdə daşımalarda gecikmələr müşahidə edilir, amma bunun ölkəmizin logistika imkanları ilə heç bir əlaqəsi yoxdur. Bu, daha çox dünyada müşahidə edilən, bizdən asılı olmayan proseslər nəticəsində baş verir...

Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA