AQTA-dan çağırış: "Spirtli içkilər alarkən ehtiyatlı olun!"

2019.04.08 18:25 (UTC+04:00)

Vergilər Nazirliyinin əməkdaşları bir neçə gün əvvəl Bakıda külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkarlaması, qanunsuz yolla istehsal edilmiş spirtli içkilərin satışı qida məhsullarının keyfiyyətinə nəzarət edən dövlət orqanlarında da narahatlıqla qarşılanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "vergilər.az"a verilən məlumata görə, kustar üsulla alkoqollu içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir: "Metil spirtindən istifadə edilməsinin başlıca səbəbi onun ucuz olmasıdır. İnsan orqanizmi üçün çox zərərli olan metil spirtinin az miqdarda qəbulu belə, orqanizimdə çox ciddi fəsadlara səbəb olur".

Agentlikdən onu da bildiriblər ki, kustar üsulla spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Belə məhsulların hazırlanması zamanı sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. İstehsalatda qida üçün yararlı olmayan, keyfiyyətsiz qablaşdırma materiallarından və tıxaclardan istifadə edilir. İşçilər heç bir tibbi yoxlamadan keçmədən istehsal prosesində iştirak edirlər. Bütün bunlar kustar üsulla hazırlanmış spirtli içkilərin istehlak üçün yararsız olması və zəhərlənmələrlə nəticələnir.

AQTA-nın müraciətində deyilir: "Vətəndaşlar məhsul alarkən diqqətli olmalıdırlar. Onlardan xahiş edilir ki, spirtli içkilər alarkən onun kustar üsulla hazırlanmış məhsul olduğuna dair şübhələr yarandıqda və ya satışda belə məhsullar görəndə agentliyin 1003 - Çağrı Mərkəzinə zəng edib məlumat versinlər. Daxil olan məlumatlar əsasında AQTA tərəfindən ciddi araşdırmalar aparılacaq, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək".

Mövzu ilə əlaqədar bax: https://vergiler.az/news/taxes/1595.html