Elektron Kredit Platforması sahibkarların kredit əldə etmək imkanlarını genişləndirir

2020.08.26 11:23 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, indiyədək 143 müraciət üzrə 27 milyon manat məbləğində kreditlərin ayrılması üçün qərarlar qəbul edilib və hazırda digər müraciətlərə baxılır, müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək: "Kredit zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanılması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, vəkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması, statusun real vaxt rejmində izlənilməsi, həmçinin üç kredit təşkilatına eyni zamanda müraciət imkanının yaradılması kimi üstünlüklər verir. Beləliklə, sahibkarların kredit almaq imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi əsasən 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə tətbiq edilir. Bundan əlavə, həmin kreditlərə illik faizin də yarısı dövlət tərəfindən maliyyələşdirilir".

Fəxriyyə İKRAMQIZI