Səhiyyə iqtisadiyyatı: beynəlxalq təcrübə

2020.08.25 18:22 (UTC+04:00)

Səhiyyə ölkə əhalisinin sağlamlığının qorunmasını təmin edən müasir sosial-iqtisadi sistemin ən vacib sahələrindən biridir. Qərb ölkələrində səhiyyə sisteminin maliyyələşdirilməsi məsələsinin kifayət qədər tədqiq olunmasına baxmayaraq, bu problem müasir Azərbaycan şəraitində dərin təhlil və ümumiləşdirmə tələb edir.
Səhiyyənin maliyyə mexanizminin strukturu və funksiyalarını şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib:
Sağlamlıq insan həyatında mühüm yer tutur. Yaxşı səhhət həyatın digər sahələrində, məsələn, peşə fəaliyyəti və təhsil sahəsində mühüm nəticələrə nail olmağa, cəmiyyətin həyatında fəal iştirak etməyə imkan verir. Pis səhhət aşağı təhsilli kişilərin ömürlük qazancını 33 faiz və yüksək təhsilli kişilərin qazancını 17 faiz azaldır (bütövlükdə qadınlar üçün nəticələri o qədər də məlum deyil). Deməli, vətəndaşların səhhəti ilə bağlı problemlər iqtisadiyyata və bütövlükdə cəmiyyətə ziyan vurur. Məşğulluq (məsələn, məşğulluq statusu, iş vaxtı) və əmək şəraiti (məsələn, iş haqqında qərarların qəbul edilməsinin genişliyi, işə tələbat və onun gərginliyi) insanların fiziki və psixi sağlamlığına təsir göstərir. Səhiyyənin maliyyə mexanizminin strukturunun və funksiyalarının dərindən öyrənilməsinə ehtiyac var.
Qlobal səviyyədə səhiyyənin və onunla bağlı tədqiqatların və layihələrin maliyyələşdirilməsi üzrə birincilik ABŞ-a məxsusdur. Lakin milli səhiyyəyə çəkilən xərclərdə liderlik daha sağlam əhalinin sinonimi deyil. Gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla, səhiyyə xərcləri bu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artırılıb. Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilin tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək.

Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə

Dünya iqtisadiyyatında aparıcı mövqe tutan ölkələrdə səhiyyənin maliyyələşdirilməsi büdcə vəsaitlərinin köməyi ilə həyata keçirilir. Belə ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya) səhiyyənin maliyyələşdirilməsi ÜDM-in 7,9-8,1 faizini təşkil edir. Şərqi Avropada “Aİ-nin yeni ölkələri”ndə (Macarıstan, Polşa, Çexiya, Slovakiya) səhiyyəyə dövlət xərcləri ÜDM-in 5,4 faizini təşkil edir. Çox vaxt ekspertlər “azalan verim” effektini xüsusilə qeyd edir, bu halda səhiyyənin maliyyələşdirilməsinin artırılması və inkişaf etmiş ölkələrin əhalisinin rifahının artması sağlam ömür uzunluğunun əhəmiyyətli artımına gətirib çıxarmır.

Xəstələrin tibbi xidmətə görə birbaşa ödənişləri, yəni şəxsi vəsaitlərdən ödənişlər bütün səhiyyə sistemlərində mövcuddur. Bundan başqa, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İİƏT) ölkələrində bütün əhali və ya onun əhəmiyyətli hissəsi üçün əlçatan olan bir sıra tibbi mal və xidmətlərin ictimai maliyyələşdirilməsi baş verir. İctimai bölgünün istənilən formasında xəstələrin qismən ödədiyi tibbi mal və xidmətlərin səbəti müəyyən edilir. Bu xidmətlər pulsuz və ya istifadəçilərdən mütləq haqq tutulmaqla təqdim oluna bilər.
Müavinət səbətindən çıxarılan tibbi yardımı almaq üçün xəstə şəxsi vəsaitindən ödəniş etməlidir. İİƏT ölkələrində bütün səhiyyə xərclərinin təxminən beşdə bir hissəsi (22 faiz) bilavasitə fərdi şəxslərin üzərinə düşür. Bu göstərici Fransa, ABŞ, Lüksemburq və Niderlandda 10 faizdən Meksika, Latviya, Bolqarıstan və Kiprdə 40 faizədək dəyişir.
Şəxsi cibdən səhiyyə xərcləri əhalinin aztəminatlı təbəqəsi üçün xüsusilə ağırdır. Ödəmək zərurəti ilə üzləşdikdə bəzi xəstələr xərclərin onlara görə həddindən artıq baha olması ilə əlaqədar tələb olunan tibbi xidmətdən sadəcə imtina edə bilir. Digərləri ödəməyə üstünlük verir, lakin sonradan maliyyə çətinlikləri ilə üzləşir. Aşağı gəlirli şəxslərin səhhətinin daha zəif olması və beləliklə də, tibbi xidmətə daha yüksək tələbatlarının olması faktı şəxsi vəsaitlərdən ödənişlərin reqressiv xarakterini daha da gücləndirir. Tibbi xidmətlərdə şəxsi xərclərin yüksək səviyyəsi ciddi sosial nəticələrə gətirib çıxarır. İnsanlar sağlamlıq və digər zəruri xərclər arasında seçim etmək məcburiyyətində qalırlar.
Maliyyə yükünün dərəcəsi tibbi xidmətlərə xərclərin səviyyəsindən və insanın gəlirindən asılıdır. Bu maliyyə yükünün müxtəlif qiymətləndirmə metodları mövcuddur. Birincisi, bir qədər subyektivdir və xəstələrin bu məsələ ilə bağlı fikrinin müəyyən edilməsindən ibarətdir. İkincisi, ailə büdcələrinin tədqiqidir. Bu, ailələrin üzləşməli olduğu maliyyə çətinliklərinin ciddilik dərəcəsi haqqında daha dəqiq və obyektiv məlumat verir.

“Səhiyyə xərcləri ilə əlaqədar yoxsullaşma” konsepsiyası

Şəxsi vəsaitlərdən olan səhiyyə xərcləri əhalinin yoxsullaşmasına gətirib çıxara bilər. “Səhiyyə xərcləri ilə əlaqədar yoxsullaşma” konsepsiyası səhiyyə sahəsində maliyyə müdafiəsinin sosial aspekti ilə bağlı problemləri daha aydın üzə çıxarır. Tədqiqat nəticəsində Dünya Səhiyyə Təşkilatı tibbi xidmətləri öz cibindən ödədikdən sonra yoxsul vəziyyətə düşmüş ailələrin payını, həmçinin tibbi xidmətlərə çəkilən xərclər nəticəsində daha yoxsullaşmış ailələrin payını müəyyən edib.

İnsanların şəxsi vəsaitlərdən ödəməli olduğu tibbi xərclərin bir hissəsini ödəməyə imkan verən maliyyələşdirmə sxemləri alternativ maliyyələşdirmə mexanizmidir. Əsas mexanizm kimi bir qrup insanın hələ xəstələnməmişdən əvvəl etdiyi birgə ilkin ödəniş qəbul edilir. Zərurət yarandıqda həmin insanlar belə kollektiv qarşılıqlı yardım fondlarındakı vəsaitlərdən istifadə edə bilirlər. Tibbi sığorta dövlət, yaxud şəxsi, icbari və ya könüllü, vergi haqları, yaxud pulları hesabına maliyyələşə bilər. Bütün bu hallarda ödəniş üç aspekt üzrə ölçülə bilər: sığorta hüququ olan əhalinin payı; mal və xidmətlərin çeşidi; ödənilən xərclərin payı.
Tibbi xidmətlərlə əhatəolunma “kub”unun bu üç parametrlə müəyyən olunan ölçüləri ölkədə səhiyyə siyasətinin seçiminin nəticəsidir. İnsanların həddindən artıq maddi çətinliyə düşmədən tibbi xidmətlərdən istifadə edə bilməsi üçün İİƏT ölkələri bir sıra tibbi mal və xidmətləri maliyyələşdirir. Bu ictimai əhatə nə qədər geniş olarsa, xəstələr və digər ödəyicilər o qədər az xərc çəkmiş olar. Bundan başqa, əksər ölkələrdə ailələr könüllü tibbi sığorta əldə edə, bununla da, öz şəxsi vəsaitlərindən tibbi xidmət xərclərini azalda bilərlər.
Dünya ölkələrinin səhiyyə xərclərinin səviyyəsinə görə reytinqi səhiyyəyə dövlət və şəxsi xərclərin ümumi həcmi kimi hesablanır və ümumi daxili məhsuldan (ÜDM) faizlə ifadə olunur.
Səhiyyə xərcləri sosial inkişafın əsas göstəricilərindən biridir və dövlətin vətəndaşların sağlamlığına göstərdiyi diqqətin dərəcəsini əks etdirir. Eyni zamanda, bu göstərici səhiyyə xərclərinin bu və ya digər dövlətin daxilində müxtəlif sosial qruplar arasında nə dərəcədə bərabər və ya qeyri-bərabər şəkildə bölüşdürüldüyünü, həmçinin bununla bağlı amilləri nəzərə almır. Həmçinin nəzərə almaq lazımdır ki, bir sıra zəif inkişaf etmiş ölkələrin reytinqdə yüksək mövqe tutması, bir qayda olaraq, beynəlxalq təşkilatlar və həmin dövlətlərdəki xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilən ictimai səhiyyə (içməli su və sanitar xidmətlərlə təminat, kütləvi immunlaşmanın keçirilməsi və s.), həmçinin sanitar-gigiyenik və epidemioloji təhlükəsizlik sahəsində proqramlarla bağlıdır.
Milli səhiyyə xərcləri göstəricisi milli statistikanın və beynəlxalq təşkilatların məlumatları əsasında illik əsaslarla hesablanır. Müxtəlif dövlətlərin iqtisadiyyatında milli səhiyyə xərcləri haqqında əsas məlumat mənbəyi kimi Dünya Səhiyyə Təşkilatının əsas funksiyası dünya əhalisinin sağlamlığının mühafizəsindən və beynəlxalq səhiyyə problemlərinin həllindən ibarət olan xüsusi təsisatı - “National Health Account Statistics” bazası çıxış edir. BMT-nin milli səhiyyə xərcləri haqqında hesabatları, bir qayda olaraq, iki-üç il gecikir. Bu, müxtəlif ölkələrin statistika xidmətlərindən məlumatların qeyri-müntəzəm şəkildə daxil olması və sonradan beynəlxalq müqayisənin aparılması ilə bağlıdır.