Rusiyanın Maliyyə Nazirliyi nəqliyyat vergisinin ləğvinə qarşıdır

2020.08.27 14:09 (UTC+04:00)

Rusiya Dövlət Dumasının müzakirəsinə “Nəqliyyat vergisinin ləğvi ilə bağlı Rusiya Federasiyasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi təqdim olunub.

Maliyyə Nazirliyi bu layihə ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, nəqliyyat vergisi regional vergidir, regional və yerli büdcələrin əhəmiyyətli dərəcədə gəlir bazalarını formalaşdırır. Bundan əlavə, həmin vergi neft məhsullarından tutulan aksiz vergiləri ilə birlikdə yol fondlarının əsas mənbələrindəndir.

Hər bir region bu verginin dərəcəsini, eləcə də yığım qaydalarını və müddətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bununla yanaşı, nəqliyyat vergisinin müəyyənləşdirilməsi zamanı federasiya subyektləri vergi güzəştləri tətbiq edə bilirlər.

Açıqlamada qeyd edilib ki, nəqliyyat vergisinin ləğvi yol fondlarının yaradılmasına yönəldilən regional büdcələrə daxilolmaların azalmasına gətirib çıxaracaq ki, bu da federal büdcədən müvafiq kompensasiyaların ayrılmasını tələb edəcək.

Bundan əlavə, azalan gəlirlərin yanacağa tətbiq olunan aksizlər hesabına kompensasiya edilməsi ideyası mənfi nəticələr yarada bilər: yanacaqdan tutulan aksiz vergisnin dərəcəsinin əhəmiyyətli şəkildə qaldırılması bütün məhsulların qiymətlərinin artımı ilə nəticələnər.