Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması

2020.08.27 11:22 (UTC+04:00)

Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanına əsasən, 1 aprel 2020-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb. Həmin qanunun 14.5-ci maddəsində göstərilib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

Maliyyə üzrə mütəxəssis Elməddin Məmmədov qanunvericiliyin bu tələbini misallarla izah edib:

Misal 1: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, yəni 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250x25%x100%) ödəyəcək.

Misal 2: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında - 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə 250 manat minimum aylıq əməkhaqqının 15 faizi miqdarında sosial sığorta ödəməlidir: 250 x 15% x 100% = 37,5 manat.

Misal 3: 31 mart 2020-ci il tarixinədək Sumqayıt şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında - 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə bu məbləğ xeyli azaldılıb. Hazırda Sumqayıtda fərdi sahibkarların sosial ödənişi 250 manat minimum aylıq əməkhaqqının 25 faizi və Sumqayıt şəhərinə tətbiq olunan 90 faiz nisbət miqdarında hesablanır: 250 x 25% x 90% = 56,25 manat.

Misal 4: 31 mart 2020-ci il tarixinədək Quba rayonunda tikinti və ticarət sektorundan başqa digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar 250 manat minimum aylıq əməkhaqqının hər ay 25 faizi miqdarında, yəni 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə ödəniş 250 manat minimum aylıq əməkhaqqının 15 faizi və Quba şəhərinə tətbiq olunan 80 faiz miqdarında edilir: 250 x 15% x 80% =30 manat.

Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:

Ərazi

Tikinti və ticarət sahəsində

Digər sahələrdə

Bakı şəhəri

62,5 manat

(250 manat x 25 faiz x 100 faiz)

37,5 manat

(250 manat x 15 faiz x 100 faiz)

Sumqayıt və Gəncə şəhərləri

56,25 manat

(250 manat x 25 faiz x 90 faiz)

33,75 manat

(250 manat x 15 faiz x 90 faiz)

Digər şəhərlər

50 manat

(250 manat x 25 faiz x 80 faiz)

30 manat

(250 manat x 15 faiz x 80 faiz)

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələr

37,5 manat

(250 manat x 25 faiz x 60 faiz)

22,5 manat

(250 manat x 15 faiz x 60 faiz)

Kənd yerləri

31,25 manat

(250 manat x 25 faiz x 50 faiz)

18,75 manat

(250 manat x 15 faiz x 50 faiz)

Fərqanə ALLAHVERDİQIZI