Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu il 250-dək proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib. Proqramın icrasına dəstək göstərilməsinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.
Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının il ərzində banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
Millət vəkili Azər Badamov Azərbaycanda Özünüməşğulluq Proqramına dövlət dəstəyi, qarşıda duran işlərlə bağlı bildirib ki, ölkəmizdə sosial siyasət dövlət siyasətinin təməlində dayanır və bu siyasət sosial ehtiyacı olan əhalinin aztəminatlı təbəqəsinin həm maddi rifahını yaxşılaşdırmış, həm də məşğulluq problemlərinin həll olunmasına xidmət etmişdir: "Pensiya və müavinətlərin artırılmasının davamlı xarakter alması, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticələrini verir. Özünüməşğulluq Proqramı ölkədə işsizliyin azaldılması, iqtisadi inkişaf və istehsalın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Proqramın genişləndirilməsi məcburi köçkünlərin, şəhid ailələrinin, əhalinin aztəminatlı təbəqəsinin, gənclərin özlərinə biznes qurmalarına və onların mikrosahibkarlığa çevrilməsinə yol açır. Hər il bu proqrama cəlb olunanların sayı artır. Məsələn, 2018-ci ildə bu proqrama cəlb olunanların sayı 2017-ci ildən 6,5 dəfə çox olmuşdur. 2019-cu ildə bu rəqəm 10.352 nəfər təşkil etmişdir. Proqram çərçivəsində 50-yə yaxın iqtisadi fəaliyyət istiqaməti üzrə müəssisələr yaradılır. Kənd təsərrüfatı üzrə özünüməşğulluq layihələrində iştirak edənlərin 83 faizi dövlət tərəfindən aktivlərlə təmin olunaraq öz biznes fəaliyyətlərini qurmuşdur".
A.Badamov bildirib ki, Özünüməşğulluq Proqramının reallaşmasında təkcə dövlət yox, Heydər Əliyev Fondu da yaxından iştirak edir: "Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin "Sosial Bağlar" layihəsi çərçivəsində 400-ə yaxın ailə ilə intensiv bağların yaradılmasına dəstək verilmişdir. Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə layihə əsasında əlilliyi olan 500 şəxsin özünüməşğulluq proqramı üzrə kiçik bizneslə məşğul ola bilmək imkanları yaradılması istiqamətində işlər aparılır. Bundan əlavə, nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Azərbaycanda məşğulluğa dəstək layihəsi" üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs Özünüməşğulluq Proqramına cəlb olunacaq. Bu il isə proqrama 12 min ailənin cəlb edilməsi nəzərdə tutulmuşdur. Müvafiq qurumlar da bu istiqamətdə işin təşkilinə kömək göstərir. Bu, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi və təşkili, biznes planının hazırlanmasına kömək edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın iki il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi (bu müddət bitdikdə əmlakların əvəzsiz olaraq proqram iştirakçılarının mülkiyyətinə verilməsi də daxil olmaqla), bu müddət ərzində monitorinqlərin aparılması, eləcə də növbəti mərhələlərdə proqram iştirakçılarının müxtəlif bank (maliyyə) alətləri ilə inkişafının dəstəklənməsi kimi istiqamətləri əhatə edir".
Millət vəkili qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Özünüməşğulluq Proqramı ilə bağlı təlimlər də keçirir. Bir aylıq təlim müddətində iştirakçılara biznes planı qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir: "Özünüməşğulluq proqramının daha effektiv həyata keçirilməsi üçün bankların da bu proqramda iştirakı məsələsi öz həllini tapmışdır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Özünüməşğulluq Proqramına cəlb olunmuş şəxslər bu gün dövlət yardımından faydalanmaqla sabah mikro,kiçik və ya iri sahibkarlıq subyektinə çevriləcək və ölkənin iqtisadi inkişafında yaxından iştirak edəcəklər. Düşünürəm ki, bazar iqtisadiyyatının inkişafı baxımından əhalinin aztəminatlı təbəqəsinin cəlb olunduğu Özünüməşğulluq Proqramı dövlətə iqtisadi səmərə verəcək ən perespiktivli layihələrdəndir".
Fəxriyyə İKRAMQIZI