"Kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasının ən düzgün yolu

2020.08.25 14:26 (UTC+04:00)

Elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması dövlət qurumları tərəfindən göstərilən xidmətlərdən vətəndaşların məmnunluğunu artırmağa şərait yaradır. Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi portallar vasitəsilə tətbiq edilir.

Bu gün dünyada idarəetmənin və xidmətlərin elektron hökumət sistemi vasitəsilə həyata keçirilməsi sürətlə genişlənir. Bu sırada Azərbaycan da qabaqcıl ölkələr sırasında olmaq istiqamətində mühüm addımlar atır. Hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış elektron hökumət üzərindən yüzlərlə əməliyyat aparılır. Bu xidmətdən, demək olar ki, bütün dövlət qurumları istifadə edirlər. Qarşıya qoyulan əsas hədəf elektron xidmətlərin çeşidini maksimum artırmaqdır.

Elektron xidmətlər sahəsində ən yaxşı təcrübə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aiddir. Elektron vergi xidmətlərini həyata keçirmək məqsədilə yaradılmış "İnternet Vergi İdarəsi" portalında elektron xidmətlərdən istifadə etməklə bağlı bütün təlimatları almaq mümkündür. Hazırda vergi ödəyicisi yaratdığı elektron kabinet vasitəsilə 60-dan çox xidmətdən istifadə etmək imkanına malikdir və bu xidmətlərin əhatə dairəsi getdikcə genişləndiriləcəkdir.

Vergi sistemində 2019-cu ilin yanvar ayından başlanan islahatlar və paralel olaraq xidmətlərin elektronlaşdırılması, ölkədə "kölgə iqtisadiyyatı"nın sürətlə azalmasına şərait yaradır. Vergi və gömrük sistemində aparılan islahatlar nəticəsində 2019-cu ildə büdcəyə bir milyard manat əlavə vəsaitin daxil olması təmin edilib. "Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinin təsdiqi islahatlar nəticəsində vergi ödəyicilərinin sayının kəskin artmasında öz əksini tapır. İqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədilə özəl sektorun vergi yükünün əsaslı şəkildə azaldılması və vergi xidmətlərinin elektronlaşması son nəticədə iqtisadiyyatın "kölgə"dən çıxarılmasına öz töhfəsini verir və bu prosses 2020-ci ildə də davam edir.

Koronavirus pandemiyasının yaşatdığı problemlər fonunda dünyanın, demək olar ki, bütün ölkələrində iqtisadiyyat resessiya yaşayır. Bu sırada Azərbaycan da var. Lakin Azərbaycan iqtisadiyyatında bu dönəmdə belə 2019-cu ilin əvvələrindən start verilmiş islahatlara uyğun iqtisadiyyatın şəffaflaşması prosesi öz bəhrələrini verir. Bunu konkret olaraq ölkənin qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri bir daha sübut edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk beş ayı ərzində qeyri-neft ümumi daxili məhsulun həcminin 2,1 faiz azalmasına baxmayaraq, elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 6,8 faiz artmışdır. İqtisadiyyatda azalmaların baş verdiyi bir dönəmdə bu göstəricinin artması bilavasitə dövriyyələrin şəffaflaşması prossesinin davam etməsi nəticəsində mümkün olub. Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində bu rəqəm 15 faizə qədər yüksəlib. Müqayisə olunan dövrdə özəl sektor üzrə əlavə dəyər vergisinin depoziti hesabına mədaxil də 6,8 faiz, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı isə ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır. Bütün bu göstəricilər bir daha sübut edir ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatında şəffaflaşma prosesi sürətlə davam edir və bu bizə deməyə əsas verir ki, postpandemiya dönəmində iqtisadiyyatda daha uğurlu nəticələrin qazanılmasının əsasları kifayət qədər möhkəm olacaqdır.

Fikrət YUSİFOV,
İqtisad elmləri doktoru, professor,
"Ekonomiks" Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri