Aİ ilə ABŞ arasında gömrük vergisinin azaldılması barədə saziş imzalanıb

2020.08.24 13:16 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyasının ticarət məsələlərinə məsul üzvü Fil Hoqan və ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer gömrük vergisinin azaldılması ilə bağlı tərəflər arasında razılaşma əldə edilməsi barədə birgə açlıqlama verib. Açıqlamada Aİ ilə ABŞ arasında qarşılıqlı ticarətdə gömrük vergiləri dərəcələrinin azaldılmasına təminat verən razılaşma paketini hər iki tərəfin qəbul etdiyi bildirilib.

Bunun 20 ildən artıq müddət ərizində Aİ ilə ABŞ arasında gömrük vergisinin dərəcəsinin aşağı salınması ilə bağlı ilk razılaşma olduğu vurğulanan açıqlamada Aİ-nin ABŞ-dan idxal edilən canlı və dondurulmuş xərçəngdən gömrük vergilərini geriyə tətbiq olunmaqla 1 avqustdan beş il müddətinə ləğv edəcəyi, ABŞ-ın da Aİ-dən idxal etdiyi hazır yeməklər, büllur əşyalar və alışqan kimi məhsullardan gömrük vergilərini 50 faiz azaldacağı bildirilib.

Tərəflərdən hər biri üçün ildə təxminən 100 milyon dollarlıq məhsulu əhatə edəcək bu razılaşma son zamanlar gərginləşmiş münasibətlər fonunda simvolik əhəmiyyət daşıyan ilk addım kimi qiymətləndirilir.