Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may, iyun və iyul aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz azalaraq 3 milyard 843,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 903,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib. Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 385,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 109,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.