Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.13 18:39 (UTC+04:00)

Aydın Hüseynov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Prezident İlham Əliyev tərəfindən vergi orqanları qarşısında vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirilib. Vergilər Nazirliyinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq, vergi ödəyiciləri tərəfindən büdcəyə vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur.

Vergi Məcəlləsinə 2019-cu ildən qüvvəyə minmiş əlavə və dəyişikliklər iqtisadiyyatın müasir inkişaf trendlərinə uyğun prioritetləri özündə əks etdirir. Bu dəyişikliklər özəl biznesin və sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni verilmiş vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Bu gün Azərbaycan şəffaf iqtisadiyyat quruculuğu sahəsində inamlı addımlar atır. Bu siyasətin tərkib hissəsi kimi də "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə vergi tənzimlənməsi yolu ilə özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisinin yükü əhəmiyyətli dərəcədə azaldılıb. Eləcə də biznesin fəaliyyətinə stimul verən mühüm vergi təşviqi siyasəti yürüdülür. Əminəm ki, bu islahatlar Azərbaycanın vergi sisteminin çevikliyini və iqtisadi artımda rolunu daha da artıracaq.