Almaniyada vergi gəlirləri bu ilin ilk 7 ayında 8 faiz azalıb

2020.08.21 18:19 (UTC+04:00)

Almaniyanın Maliyyə Nazirliyinin açıqladığı aylıq vergi gəlirləri göstəricilərinə əsasən, federal dövlət və 16 əyalət üzrə vergi gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyul ayında 0,3 faiz azalaraq 53,34 milyard avroya düşüb.

Bu ilin yanvar-iyul aylarında isə federal dövlət və əyalətlərin vergi gəlirləri 2019-cu ilin ilk yeddi ayı ilə müqayisədə 8 faiz azalaraq 381,05 milyard avroya geriləyib.

Açıqlamada sənaye məhsullarının istehsalında və ixracında son həftələrdə özünü göstərən artımın vergi gəlirlərində yaxşılaşmaya səbəb olduğu vurğulanıb: "Qarşıdakı aylarda sənaye istehsalının daha da yaxşılaşması gözlənilir".

Qeyd edək ki, Almaniya hökuməti mayın 14-də COVID-19 pandemiyası ilə bağlı vergi gəlirləri proqnozlarına yenidən baxaraq bu il üçün vergi daxilolmaları həcmini 10 faiz (81,5 milyard avro) aşağı salmışdı.

Almaniyada pandemiyanın yayılmasına qarşı görülən tədbirlər sayəsində ümumi daxili məhsulun bu il 6,3 faiz azalması, gələn il isə 5,2 faiz böyüməsi proqnozlaşdırılır.
.