Mühasib hazırda ən tələb olunan peşələrdən biridir. Lakin bu peşəyə yeni başlayanlar bəzən nədən başlamalı olduqlarını bilmirlər.
1. İlk növbədə həqiqətən bu peşənin sizə uyğun olub-olmamasını dəqiqləşdirin. Bəzən insanlar kiminsə tövsiyəsi və ya asan iş tapmaq mülahizəsi ilə mühasib olmaq istəyirlər. Sonradan bu peşənin onlara uygun olmadıgını anlayanda isə gec olur.
2. Gələcək peşəniz olan mühasibata yaradıcı yanaşın, rəqəmləri sevin. Əks təqdirdə bu sahə sizə monoton görünə bilər. Mühasibat, onun əhəmiyyəti, uçotun növləri və s. kimi əhəmiyyətli məlumatları öyrənin. Mühasibatın hansı sahəsində çalışmaq istədiyinizi dəqiqləşdirin.
3. Unutmayın ki, nəzəriyyəsiz təcrübə, təcrübəsiz də nəzəriyyə sizin köməyinizə çatmayacaq. Nəzəri hissəni əla bilməyiniz sonradan qazanacağınız praktika ilə birlikdə sizi bu peşənin əsl mütəxəssisi edə bilər. Əks təqdirdə ən yaxşı halda mühasib-operator olacaqsız.
4. Hər gün öyrənin, kütləvi informasiya vasitələrini izləyin. Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində yer alan “Sual-cavab” bölməsini, mühasibata aid qrupları (https://www.facebook.com/groups/193068687740239/, https://www.facebook.com/groups/143203335774617/) telegram qruplarını (https://t.me/muhasibler), veb saytları (www.muhasibat.az, www.mks.az, www.muhasib.az) daimi izləyin. Bundan əlavə, bir çox “Youtube” kanalları var ki, onların da hesabına bilmədiyiniz bir çox şeyi öyrənə biləriz.
5. Excel proqramını öyrənmək mühasibata gedən yolda vacib amillərdən biridir, onu mükəmməl səviyyədə bilməyiniz sizə böyük uğurlar qazandıra bilər. Bunun üçün internetdə yüzlərlə pulsuz video material tapa bilərsiz. Azərbaycan dilində https://xlstuff.org saytının da sizə köməyi dəyə bilər.
6. Kursların köməyi də danılmazdır, lakin hər bir dərsdən əvvəl mütləq o mövzunu araşdırın, oxuyun və sonra dərsə başlayın.
7. Təcrübə proqramlarına qatılmaq və 2-3 ay hər hansı bir şirkətdə ödənişsiz olsa belə çalışmaq sizin üçün bir tramplin ola bilər, çünki ugurlu namizəd oldugunuz halda təcrübə keçdiyiniz şirkətdə işə qəbul edilmək şansınız böyükdür.