Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 11 milyard 750,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 760,7 milyon dollar, idxalın dəyəri 4 milyard 989,5 milyon dollar təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə 1 milyard 771,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,3 faiz, real ifadədə 20,5 faiz, o cümlədən idxal 42,8 faiz, ixrac isə 4,6 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Almaniya, Hindistan, İsrail, Gürcüstan, Yunanıstan, Xorvatiya, Çexiya, Vyetnam, İspaniya, İran, Tunis, Birləşmiş Krallıq, Fransa, Avstriya, Portuqaliya, İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,8 faizi Türkiyənin, 13,3 faizi Çinin, 8,1 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,3 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 2,8 faizi İranın, 2,7 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,8 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,4 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Türkmənistanın, 17,4 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,1 faizini avtomobil, 19,5 faizini dəmir yolu, 10,3 faizini hava, 4,0 faizini dəniz nəqliyyatı ilə gətirilib, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən təzə meyvə idxalı 15 faiz, bitki yağları 10,1 faiz, xam şəkər və şəkər 11 faiz, kərə yağı, digər süd yağları və pastaları 34,5 faiz, çay 10 faiz, mal əti 29,4 faiz, quş əti və onun əlavə məhsulları 2,1 faiz, təzə tərəvəz 26,4 faiz, minik avtomobilləri 29,2 faiz, dərman vasitələri 1,7 dəfə, polad prokatı 10,5 faiz, qara metallardan çubuqlar 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 23,1 faiz, məişət soyuducuları 39,2 faiz artıb, buğda idxalı isə 37,8 faiz, kartof 0,8 faiz, siqaretlər 80,1 faiz, qara metallardan borular 13,5 faiz, mineral gübrələr 3,4 faiz, rezin şinlər 14,4 faiz, məişət kondisionerləri 24,7 faiz, mebellər 23,2 faiz, yük avtomobilləri 15,6 faiz, polietilen 14,8 faiz, paltaryuyan maşınlar 4,8 faiz, qara metallardan künclüklər 7 faiz, avtobuslar 24,8 faiz, sement və sement klinkerləri 92,1 faiz azalıb.
İxracın 32 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 5 faizini Rusiyaya, 4,2 faizini İsrailə, 3,7 faizini Hindistana, hər biri 3,2 faiz olmaqla Yunanıstan, Çin və Xorvatiyaya, 3,1 faizini Gürcüstana, 3 faizini Ukraynaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Vyetnam, Portuqaliya və İspaniyaya, 1,5 faizini Almaniyaya, 1,3 faizini Avstriyaya, 1,2 faizini İsveçrəyə, 7,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.