Ödəniş kartları ilə aparılan təmassız əməliyyatların limiti artırılıb.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Mərkəzi Bankın qarşısına qoyulan əsas hədəflərdən biri innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılmasıdır. Son illərdə ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 26 faizi (2,3 milyon ədəd), POS-terminalların isə 53 faizi (29,5 min) təmassız ödənişləri dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7 faiz (409 min ədəd) və 32 faiz (21 min ədəd) olub.
Xüsusilə pandemiya dövründə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın zəruriliyi, təmassız ödənişlər, elektron ticarət, elektron bankçılıq xidmətləri daha da aktuallaşıb. Pandemiya şəraitində virusun səthə toxunaraq yayılması faktı əhali tərəfindən POS-terminala toxunmadan aparılan təmassız ödənişlərə üstünlük verilməsinə səbəb olub. Pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitləri yüksəldilib. Mərkəzi Bank analoji təcrübədən yararlanaraq, kartlar vasitəsilə PİN-kod daxil edilmədən aparılan təmassız ödəniş limitini 50 manat səviyyəsindən 100 manata yüksəldib. Nəticə etibarilə, istehlakçılar üçün gündəlik əsasda həyata keçirilən təmassız ödənişlərin daha rahat, sürətli və təhlükəsiz formada aparılması imkanları genişləndirilib.
Mərkəzi Bank ölkədə təmassız kart infrastrukturunun genişləndirilməsi strategiyasına uyğun olaraq, yaxın gələcəkdə bütün bank kartları və POS-terminalların təmassız ödənişləri dəstəkləməsi istiqamətində bank sektoru ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirir.