İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əsas fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarların bilik və innovasiyalara çıxışının genişləndirilməsidir. Bu məqsədlə yaxın günlərdə Bakı və Sumqayıt şəhərlərində, Yevlax rayonunda KOBİA-nın strukturuna daxil olan 3 yeni KOB inkişaf mərkəzi fəaliyyətə başlayacaq.
Hazırda mərkəzlərin fəaliyyətinin təşkili istiqamətində müvafiq tədbirlər görülür.
KOB inkişaf mərkəzlərində Bakı şəhəri, eləcə də Abşeron və Aran iqtisadi rayonları üzrə biznesə başlamaq istəyənlərə, mikro və kiçik sahibkarlıq subyektlərinə biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, təcrübə proqramlarında iştirak, məlumatlandırma və maarifləndirmə tədbirləri, biznes ideyaların mövcud maliyyə resurlarına yönləndirilməsi istiqamətlərində ödənişsiz dəstək və xidmətlər göstəriləcəkdir.
Məlumat üçün qeyd edək ki, ilk KOB İnkişaf Mərkəzi Xaçmaz şəhərində yaradılıb. 2020-ci ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən 120-dən çox KOB subyekti yararlanıb. Mərkəzin əlaqələndirməsi ilə indiyədək 4 sahibkarın biznes ideyası maliyyələşdirilib, 4 yeni KOB subyektinin və 5 MMC-nin yaradılmasına dəstək göstərilib.