Bu il özünüməşğulluq proqramının 250-dək iştirakçısına banklar tərəfindən aktivlər verilib

2020.08.19 09:57 (UTC+04:00)

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi işləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu il 250-dək proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib. Proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının il ərzində banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.