Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara müraciət edib.
KOBİA-dan bildirilib ki, məlumat verildiyi kimi, avqustun 18-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin, Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) bərpa olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyətləri zamanı zəruri sosial davranış və sanitariya-gigiyena qaydalarının tələblərinə, müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına riayət edilməsinin, eləcə də ictimai iaşə obyektləri üçün koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişin tələblərinə əməl olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar müvafiq qaydalara əməl etməklə həm özlərinin, həm də işçilərinin və müştərilərinin sağlamlığını qorumuş olacaqlar.