Startaplara verilən güzəştlər biznesin inkişafı məqsədi daşıyır

2020.08.18 10:14 (UTC+04:00)

Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə əsasən, startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Startap" şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.

Qanunvericilikdə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Hazırda "Startap şəhadətnaməsinin verilməsi meyarları"nın təsdiq edilməsi üçün müvafiq tədbirlər icra olunmaqdadır.

Startaplar, adətən, mikro və ya kiçik sahibkarlıq subyektləri kimi fəaliyyətə başlayırlar. Ona görə də qanunvericilikdə həmin subyektlər üçün xüsusi müddalar, güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.1.31-ci maddəsində göstərilir ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir vergisindən azaddır. Məcəllənin 106.1.23-cü maddəsində isə qeyd olunub ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti 3 il müddətinə vergidən azad edilir. Bu, işə yeni başlayan sahibkarlar üçün çox önəmli üstünlüklərdir. Vergi güzəştindən qənaət edilən vəsaitlər biznes sahəsinin inkişafına yönəldilə bilər ki, bu da yeni texnoloji xidmətlərin meydana çıxmasına təkan vermiş olar.