Aİ Kambocadan idxal edilən mallara əlavə vergi tətbiq edir

2020.08.20 13:22 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Kamboca dövlətinə qarşı ticarət sanksiyaları tətbiq etməyə başlayıb. Aİ Komissiyasından bildirilib ki, Kambocada istehsal olunan geyim, ayaqqabı və çanta kimi mallardan əlavə gömrük vergisi tutulur. Komissiyanın açıqlamasında bu sanksiyanın tətbiqi barədə qərarın Kambocada işçi və insan hüquqlarının pozulması ilə bağlı qəbul olunduğu qeyd edilib.
Aİ xüsusi olaraq dünyanın ən kasıb ölkələrinə silahlar istisna olmaqla bütün məhsullarını gömrük vergisi tutulmadan satmaq hüququ verərək bu ölkələrin iqtisadi yüksəlişində iştirak etməyə çalışır. Kamboca indiyədək gömrük vergisindən azad olunmaq güzəştindən faydalanaraq Aİ ölkələrinə əhəmiyyətli həcmdə mal ixrac edirdi. Qərar qəbul ediləndən sonra isə Kambocanın Aİ ölkələrinə ixrac etdiyi malların əksəriyyətinə görə gömrük vergisinin tutulması həmin malların bazardakı qiymətinə ciddi təsir göstərəcək.