Cari ilin ilk yarısında Səngəçal terminalı təqribən 127 milyon barrel neft və kondensat, o cümlədən 111 milyon barrelədək Bakı-Tbilisi-Ceyhanla (BTC) və təqribən 16 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, altı ayda terminaldan, həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetr (1 milyard 805 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.
Yarım il ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.