Altı ayda hər bir şəhər sakini 130 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

2020.08.12 12:02 (UTC+04:00)

Yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,3 faiz azalaraq 1 milyard 949,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 273,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 65,3 faizini təşkil edib. Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,7 faiz azalaraq 1 milyard 567,6 milyon manat olub. 2020-ci ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 130 manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 36,9 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.