İqtisadiyyatın tam şəffaflaşdırılması davamlı prosesdir

2020.08.12 10:12 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərt karantin rejiminin yumşaldılması ilə bağlı bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.
Bununla belə, pandemiya şəraitində sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qaydalara riayət etmək, təlimatları yerinə yetirmək öz aktuallığını saxlayır.

Millət vəkili Rüfət Quliyev qeyd edib ki, Operativ Qərargah sərt karantin rejiminin yumşaldılmasına iki səbəbdən qərar verib:

Birincisi, pandemiyanın daha geniş yayılmasının qarşısı alınıb və yoluxma saylarında müsbət dinamika əldə olunub. Artıq hər gün xəstəliyə yoluxanlarla sağalanlar arasında yüzlərlə fərq olur. Düşünürəm ki, müsbət dinamika davam edəcək.

İkinci səbəb də budur ki, biz iqtisadiyyatı uzun müddət "lokdaun" vəziyyətində saxlaya bilməzdik. Təbii ki, iqtisadi subyektlər işləməlidir. Lakin yeni şəraitdə işləmək üçün yeni təfəkkür və yanaşmalar tələb olunur. İstər iqtisadiyyatda, istərsə də sahibkarlıq fəaliyyətində yeni metodlar tətbiq edilməlidir. Bütün iş yerlərində, xidmət məkanlarında sosial məsafə gözlənilməli, gigiyenik qaydalara riayət olunmalıdır. Sahibkarlar işlərini yeni tələblərə uyğun elə qurmalıdırlar ki, yoluxanların sayı artmasın. Bu məqamı nəzarətdə saxlamaq bizim üçün çox vacibdir.

Digər tərəfdən, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatın tam şəffaflaşdırılması, tətbiq olunan mexanizmlərin daha da genişləndirilməsi davamlı prosesdir və bütün şəraitlərdə sahibkarlardan daha məsuliyyətli olmağı tələb edir. Sahibkarlar birmənalı qəbul etməlidirlər ki, dövlət bu siyasətini sonadək aparacaq.

Fərqanə ALLAHVERDİQIZI