İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması

2020.08.14 10:53 (UTC+04:00)

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi vergi ödəyicisi əsas vəsaitləri icarəyə götürdükdə həmin əsas vəsaitlərin təmiri üzrə xərclərinin hansı qaydada xərcdə nəzərə alınacağını müəyyən etməkdir. 115.6-cı maddəyə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini icarəyə verənin hesabına apardıqda və ya öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirdikdə, həmin təmir xərcini gəlirindən çıxa bilməz. Bununla belə, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq, icarə haqqı ilə əvəzləşdirmədikdə həmin təmir xərcini gəlirindən çıxa bilər.

Misal 1: Firma əvvəlki ilin sonuna (həmin il üçün hesablanmış amortizasiya ayırımları çıxıldıqdan sonra) qalıq dəyəri 8.000 manat olan avadanlığı 1 il müddətinə icarəyə götürmüş, avadanlığa 200 manat təmir xərci çəkmiş və xərci icarə haqqı ilə əvəzləşdirmişdir. Həmin il üçün bu hüquqi şəxsin ümumi gəliri 40.000 manat, təmir xərcləri nəzərə alınmadan gəlirdən çıxılan xərcləri isə 24.000 manat olarsa, firmanın hesablamalı olduğu mənfəət vergisini müəyyən edək.

Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq, icarə haqqı ilə əvəzləşdirdikdə həmin təmir xərcini gəlirindən çıxa blməz. Misalın şərtindən göründüyü kimi, təmir xərci (200 manat) icarə haqqı ilə əvəzləşdirildiyindən, firmanın gəlirindən çıxılmır. Bunun üçün də firma büdcəyə 3.200 manat ((40.000 - 24.000 ) x 20% = 3.200 manat) mənfəət vergisi hesablayacaq.

Misal 2: 2019-cu ildə hüquqi şəxs əvvəlki ilin sonuna qalıq dəyəri 8.000 manat olan avadanlığı 1 il müddətinə icarəyə götürmüş, avadanlığa 400 manat təmir xərci çəkmiş və xərci icarə haqqı ilə əvəzləşdirməmişdir. Həmin il üçün bu hüquqi şəxsin ümumi gəliri 40.000 manat, təmir xərcləri nəzərə alınmadan gəlirdən çıxılan xərcləri isə 24.000 manat olarsa, hüquqi şəxsin hesablamalı olduğu mənfəət vergisini müəyyən edək.

Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirmədikdə, həmin təmir xərcini gəlirindən çıxa blər. Misalın şərtindən göründüyü kimi, təmir xərci 400 manat (8000 x 5% = 400 manat) norma daxilində olduğundan və icarə haqqı ilə əvəzləşdirilmədiyindən, hüquqi şəxsin gəlirindən çıxıla bilər. Bunun üçün də hüquqi şəxs büdcəyə 3.120 manat (40.000 - 24.000 – 400) x 20% = 3120 manat) mənfəət vergisi ödəyəcək.

Misal 3: Müəssisə icarəyə götürdüyü avadanlıq üçün illik 5.000 manat icarə haqqı ödəyir. Avadanlığın təmirinə 1.600 manat vəsait tələb olunur. Fərz edək ki, icarəyə verənlə müəssisə (icarəçi) arasında bağlanmış müqaviləyə əsasən aşağıdakı 2 şərtdən biri razılaşdırılmışdır:

1. Təmir xərclərini icarəyə verən öz hesabına aparır;

2. Təmir xərcləri icarəçi müəssisənin hesabına aparılır və icarə haqqı ilə əvəzləşdirildiyi üçün icarəyə verənə 3400 manat ödənilir.

Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, müəssənin icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini icarəyə verən öz hesabına apardıqda və ya müəssisə təmir xərcini öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirdikdə müəssisə həmin təmir xərcini hər iki halda gəlirindən çıxa blməz.

Fəxriyyə İKRAMQIZI