Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov bildirib ki, beynəlxalq standartlara əsasən, sahibkarın üzləşdiyi çətinlik ilk müraciətlə həll oluna bilər. Azərbaycanda da sahibkarlar üçün belə bir şərait mövcuddur. Əgər vergi ödəyicisi ikinci dəfə müraciət edibsə, deməli, vergi orqanı ilə sahibkar arasındakı əlaqədə hansısa problem var: "Sahibkarın təkrar müraciət etməsi o deməkdir ki, ya biz vergi ödəyicisini düzgün başa salmamışıq, ya da o, vergi orqanlarının izahatlarını lazımi səviyyədə anlaya bilməyib. Ona görə də vergi orqanlarına göstərilən xidmətlər zamanı bu məsələlərə xüsusi diqqət yetirilir ki, sahibkarın təkrar müraciətinə ehtiyac qalmasın".
E.Məmmədov vergi xidməti orqanlarının məlumat bazasında hər bir sahibkarın vergi orqanları ilə ünsiyyət və dialoq tarixçəsinə dair bütün informasiyaların toplandığını qeyd edib: "Bu göstərici əsasında biz təkrar müraciətləri də qiymətləndirə bilirik. Yəni eyni vergi ödəyicisinin eyni məsələ ilə bağlı ikinci dəfə müraciət etməsinin səbəbini öyrənirik".
Bildirilib ki, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olan bütün zənglər qeydiyyata alınır və danışıqlar yazılır. Sonradan bütün müraciətlər təhlil olunur: "İlk dəfə özümüz cavab verməyə çətinlik çəkdiyimiz müraciətlər qeydiyyata götürülür və təhlil olunur ki, sonradan vergi ödəyicisinə doğru-dürüst məlumat verə bilək".
Elxan SALAHOV