AZPROMO Rusiya İnvestisiya Agentliyi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

2020.08.10 15:40 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya İnvestisiya Agentliyi arasında videokonfrans formatında işgüzar görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, qurumun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Rusiya İnvestisiya Agentliyinin vitse-prezidenti Marqarita Vasilyeva biznes dairələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensialı vurğulayıb, bu cür tədbirlərin əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə AZPROMO və Rusiya İnvestisiya Agentliyi arasında tərəfdaşlıq, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələr və sair məsələlər müzakirə olunub.

Qeyd edək ki, AZPROMO və Rusiya İnvestisiya Agentliyi WAIPA-nın üzvüdür.