İspaniyada sosial sığorta yığımının dərəcəsi bu ildən artırılıb

2019.02.13 12:41 (UTC+04:00)

İspaniyanın yeni hökuməti keçən ilin sonunda 2019-cu il üzrə təqaüdçülərin kateqoriyasından asılı olaraq, təqaüdlərin 1,6 faizlə 3 faiz arasında artacağını açıqlayandan sonra hökumətin keçmiş başçısı Mariao Raxoy tərəfindən təsdiqlənmiş pensiyaların 0,25 faiz artımı barədə qərar öz qüvvəsini itirmişdi. İstehlakçı qiymətləri indeksindən bir qədər aşağı olan belə bir artım qərarı ölkədə təqaüdçülər tərəfindən böyük etirazla qarşılanmışdı.

Yeni hökumətin öz vədini yerinə yetirməsi üçün əlavə 2,6 milyard avro tələb olunurdu ki, büdcədə bu qədər sərbəst vəsait yox idi. Pensiya fondunun doldurulması üçün vergilərin artırılacağı deyil, "tarif bazası"nın (base de cotización) göstəricisinin yüksəldilməsi qərara alındı. Bu tədbir sosial sığorta sisteminə daha çox məcburi köçürmələrin cəlb edilməsinə imkan yaradır. Beləliklə, tarif minimumu 22 faizədək, tarif maksimumu isə 7 faizədək artırıldı. Hökumətin hesablamalarına görə, bununla müvafiq olaraq 1,5 milyard və 0,9 milyard avro məbləğində pensiya xərclərinin icra edilməsi mümkün olacaq.