Altı ayda əsas kapitala 4 milyard manatdan çox vəsait yönəldilib

2020.08.10 09:48 (UTC+04:00)

Bu ilin altı ayında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 62,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 870,7 milyon manatı və ya 46,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.