Milli Məclisin Plenar İclasında "Məşğulluq haqqında" Qanuna düzəlişlər layihəsi müzakirə edilib. Müzakirə olunan məsələlərdən biri də qanunun 4-cü maddəsi ilə bağlı olub. Bu maddəyə görə, pay torpağı olan bütün vətəndaşlar məşğul şəxslər hesab edilir.
Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunun bu maddəsinə diferensial yanaşmanın tətbiqinə ehtiyac var: "İnkişaf etmiş ölkələrdə bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. Bu baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yalnız 20 sotdan çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsin.