Sahibkarlar karantin şərtləri çərçivəsində biznesin fəaliyyətini davam etdirməsini xahiş ediblər

2020.08.10 11:27 (UTC+04:00)

Avqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin onlayn video-konfrans formatında keçirilmiş hesabat iclasında 2020-ci ilin birinci yarısında görülmüş işlərə dair hesabat dinlənilib, sahibkarlarda maraq doğuran məsələlər müzakirə olunub. Konfederasiyanın prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd edib. Pandemiya dövründə hökumət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyi vurğulanıb.

İclasda sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər. Sahibkarlar ölkə prezidenti cənab İlham Əliyevin siyasətini daim dəstəklədiklərini qeyd edərək, sahibkarlara dövlət yardımlarına görə təşəkkürlərini bildirməklə yanaşı, karantin şərtlərinə ciddi əməl olunmaqla biznesin fəaliyyətini davam etdirməsini xahiş ediblər.

Konfransda ASK-nın Rəyasət Heyəti irəli sürülən təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara alıb.