Pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib. Belə ki, mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının yığımlarına olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15 faiz azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən il ilə müqayisədə 2,5 dəfə azalma müşahidə olunub.
Yük sığortasında isə əksinə 2 dəfədən çox artım müşahidə olunub. Bu da pandemiya dövründə yük daşımalarının məhdudlaşdırılmaması səbəbi ilə izah oluna bilər.
Pandemiyanın sığorta sektoruna dolayı formada olan müsbət təsirini də qeyd etmək lazımdır. Belə ki, pandemiya dövründə bütün sahələrdə elektronlaşmaya keçidin geniş tətbiqi ilə müxtəlif sektorlarda fəaliyyət göstərən biznes subyektlərində daha öncə mövcud olan qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə tələbat yaranıb. Bu səbəblə rəsmi qeydiyyata alınmış işçilərin icbari sığortalanması vacib olduğundan sığortalanma hallarının artması təbii olaraq sığorta yığımlarının artmasına gətirib çıxarıb.