Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.
İclası Milli Məclisin Sədri Sahibə Qafarova açıb, Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin və Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Növbədənkənar iclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.