Ruslan Quliyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri
Son illərdə məmur-sahibkar münasibətlərində ümidverici yeniliklərin şahidi oluruq. Xüsusilə Vergilər Nazirliyi tərəfindən vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, iş adamlarının fikirlərinə önəm verilməsi bizim üçün çox böyük bir stimuldur. Yeni dövr bizim də qarşımıza yeni tələblər qoyur. İndi nümunəvi vergi ödəyicisi olmaq fikrini cəmiyyətdə yaymaq, insanların düşüncələrinə aşılamaq lazımdır. Bu sahədə qabaqcıl təcrübələrə daha geniş meydan verilməlidir. Məsələn, Türkiyədə müəssisələrin qarşısındakı iri plakatlarda böyük fəxr və qürurla müəssisənin nə qədər vergi ödədiyi nümayiş etdirilir. Müəssisələr də, ayrı-ayrı fərdlər də vergi ödəməyə milli qürur məsələsi kimi yanaşır. Düşünürəm ki, maarifləndirmə güclü olarsa, təşviqat işləri daha qabarıq, daha rəngarəng aparılarsa, könüllü vergi ödəmək hər bir sahibkar üçün əxlaq normasına çevrilə bilər.