İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə “Ticarətə hazır” layihəsi çərçivəsində növbəti mərhələyə başlayır.
İİTKM-dən bildirilib ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov budəfəki təlimlərdə logistik prosedurlara dair mövzuların əhatə olunacağını deyib. Onun sözlərinə görə, “Ticarətə hazır” layihəsinin ikinci hissəsində sahibkarlara elektron və ənənəvi ticarətdə logistika, logistika menecmenti, logistikanın müasir sistemlərə inteqrasiyası, E, F, C, D sinifləndirilməsi, multimodal daşıma, “Incoterms” beynəlxalq ticarət şərtləri, daşıma və nəqliyyat növləri, beynəlxalq nəqliyyat tarifləri, nəqliyyat sənədləri, təchizatçı seçimi, idarəedilməsi və qiymətləndirilməsi kimi mövzular tədris olunacaq. Təlim ITC-nin eksperti EE Khong Kie Max tərəfindən ingilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.
“Zoom” tətbiqi vasitəsilə baş tutacaq təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, “Azexport.az” portalı ITC ilə birlikdə iyunun 15-dən iyulun 6-dək “Ticarətə hazır” layihəsinin “Elektron ticarət”ə həsr olunmuş onlayn təlimlər keçirib. Vebinar şəklində təlimə 80-dək sahibkar qatılıb. Təlimlərdə 70 faizdən çox iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.
Avqustun 4, 7, 11, 14-də baş tutacaq təlimlər ödənişsizdir. Təlim üçün qeydiyyat linki: https://bit.ly/313g6ye