İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı" sərhəddə ticarət fəaliyyətinə həsr edilib. İcmalda qeyd olunub ki, xarici ticarət fəaliyyəti iqtisadi baxımdan Azərbaycanın makroiqtisadi stabilliyinin təmin olunmasına, valyuta siyasətinin tənzimlənməsinə, sahibkarların gəlirlərinin artmasına, sosial baxımdan məşğulluğun artımına təsir göstərir.
Liberallıq baxımından "Yaşıl dəhliz" xarici ticarət iştirakçılarının, xüsusilə ixracatçı subyektlərin fəaliyyətini asanlaşdırır. Belə ki, yoxlama mexanizminin minimuma endirilməsi, könüllü riayət mədəniyyətinin aşılanması, sərhəd-keçid məntəqələrində "bir pəncərə" mexanizminin tətbiqi bütöv nəzarətin vahid şəxs tərəfindən aparılması və sahibkarın vaxtına qənaət edilməsi "Yaşıl dəhliz"in üstünlüklərindən biridir. Bundan əlavə, "Yaşıl dəhliz" sistemi Azərbaycan sahibkarına inamın göstəricisidir. Sahibkarlıq subyekti mövcud qanuni tələbləri yerinə yetirərək "Yaşıl dəhliz" sisteminin iştirakçısı olur. Sözügedən islahat "Doing Business" hesabatının "sərhəddə ticarət" indikatoruna təsir edərək, xarici ticarət iştirakçısının daha az zaman və resursdan istifadə etməsi ilə nəticələnəcək.