Cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq pensiya 27 faiz artıb

2020.07.27 10:58 (UTC+04:00)

2020-ci ilin iyulun 1-nə ölkəmizdə pensiyaçıların sayı 1 milyon 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27 faiz artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24 faiz artaraq 330 manata yaxın olub.

Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 milyon manat (24,09 faiz) çox olmaqla, 2 milyard 250 milyon manat təşkil edib.

2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müraciət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə e-qaydada pensiya təyin olunub.