"Şahdəniz"dən təbii qaz hasilatı 2024-cü ildə 25 milyard kubmetri ötəcək

2020.07.24 16:56 (UTC+04:00)

"Şahdəniz" yatağından təbii qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənilir.

Energetika Nazirliyindən bildirilib ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərkən deyib.

Nazir "Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycanın qaz ölkəsi kimi inkişafı, bazarlarını şaxələndirməsi və Avropanın diversifikasiya məqsədlərinin birləşdiyini qeyd edib: "Şahdəniz" yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, Cənub Qaz Dəhlizi tam işə düşdükdən sonra "Şahdəniz" qazının alıcılarını 16 milyard kubmetrlik qaz həcmləri ilə təmin edək. TANAP-la Türkiyəyə qaz nəqli artıq 6 milyard kubmetrə çatıb. Layihənin sonuncu seqmenti - TAP yekunlaşmaq üzrədir. Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi - Cənub Qaz Dəhlizi ilə çatdırılacaq".