İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qeyd edib ki, 2016-cı ildə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji yol xəritəsi"nin qəbul olunması ölkədə yeni iqtisadi inkişaf istiqamətinin formalaşmasına təkan verib. 2015-ci ilin dövlət büdcəsi gəlirlərinin təxminən 71 faizi neft sektorundan daxil olduğu halda, 2020-ci ildə bu gəlirlərin 53 faizini qeyri-neft sektorundan daxilolmalar təşkil edir.
Qeyri-neft sektorunun inkişafı büdcə daxilolmalarında vergilərin rolunu artırır. 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş inqilabi dəyişiklər də iqtisadiyyatda qeyri-neft sektorunun payını artırmaq, ümumi daxili məhsulun formalaşmasında şəffaflığa nail olmaq, sahibkarlığı və investisiya mühitini daha da inkişaf etdirmək məqsədi daşıyır. Qarşıya qoyulan məqsədlərdən biri də könüllü və intizamlı vergi ödəmə mədəniyyəti aşılamaqla həm vergi inzibatçılığında, həm də vergi ödəmələrində yeni yanaşmaya nail olmaqdır.
Bu sahədə mövcud problemlərin aradan qaldırılması aktual vəzifə kimi önə çıxır. Vergi ödəməyin əhəmiyyətinin sahibkar üçün sonadək anlaşılmaması, elektron xidmətlərdən istifadədə səriştəsizlik, vergi qurumları ilə elektron yazışmalardan yayınma, şəxsi məlumatlarda yenilənmələr haqqında məlumatların verilməməsi ilə əlaqədar sahibkarlar arasında iş aparmağa ciddi ehtiyac var.
Bu problemlərin həlli istiqamətində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi "Sahibkarlar arasında könüllü və intizamlı Vergi ödəyicisi olmağın təbliği" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində vergi ödəmədə şəffaflığa meyilli olan iş adamlarını maarifləndirmək nəzərdə tutulur. Məqsəd könüllü vergi ödəyicisi olmaq istəyən sahibkarları riskli vergi ödəyicisi vəziyyətinə düşmək təhlükəsindən qorumaqla onlarda vergi xidmətlərindən müstəqil şəkildə düzgün istifadə bacarıqlarını inkişaf etdirməkdir.
Bu məqsədə çatmaq üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlax şəhərlərində fəaliyyət göstərən sahibkarlara onlayn təlimlər keçilir və təlimlərin nəticələri ilə bağlı əsas tərəfdaş təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə rəsmi məlumat verilir.
İcrasına iyul ayının 1-də başlanmış layihə dörd ay davam edəcək.
Fəxriyyə İKRAMQIZI